Pakistan Əfqanıstanın 19 postunu ələ keçirib
Bu barədə "Geo" telekanalı məlumat yayıb

08:57
Pakistan silahlı qüvvələri Əfqanıstanla sərhəddə İslam Respublikasında hücumlar həyata keçirən terror qruplaşmalarına dəstək verən 19 nəzarət-buraxılış məntəqəsini ələ keçirib.
Bu barədə ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən "Geo" telekanalı məlumat yayıb.
Məlumata görə, bazar günü Əfqanıstan silahlı qüvvələrinin Əfqanıstanla həmsərhəd rayonlarda bir neçə nəzarət-buraxılış məntəqəsini atəşə tutmasından sonra Pakistan ordusu cavab zərbəsi endirib və nəticədə bir neçə keçid məntəqəsi məhv edilib, 19 keçid məntəqəsi isə ələ keçirilib.
***
01:45
Pakistanla Əfqanıstan arasında baş vermiş toqquşmalarda onlarla əfqan əsgəri həlak olub.
Bu barədə Pakistanın “Geo” telekanalı məlumat yayıb.
Pakistan ordusunun artilleriya, tank, təyyarə və pilotsuz təyyarələrdən istifadə etdiyi bildirilir.
***
00:56
Talibanın Lahora hava hücumu təşkil etməsindən sonra Əfqanıstan sərhədində gedən döyüşlərdə 12 pakistanlı əsgər həlak olub.
Yerli media Talibanın Pakistanın Host, Paktiya, Paktika və Helmand əyalətlərinin sərhədindəki hərbi mövqeləri hədəfə aldığını yazır.
Dürand xətti boyunca və qonşu Kunar, Nangarhar və Qəndəhar bölgələrində qarşıdurmalar davam edir. Taliban ağır silahlardan istifadə edir, bəzi Pakistan bölmələri geri çəkilib, Bəhramça bölgəsində bir sərhəd postu itirilib.
Əfqanıstanın Müdafiə Nazirliyinin “X” hesabında yaydığı məlumata görə isə Əfqanıstanla Pakistan arasında baş vermiş toqquşmalar artıq dayanıb.
Məlumatda bildirilib ki, Kabildəki hava hücumuna cavab olaraq Əfqanıstan qüvvələri bu gecə Pakistanın müxtəlif bölgələrindəki sərhəd postlarına hücumlar həyata keçirib və bu hücumlar gecə yarısı başa çatıb.
Nazirlik əlavə edib ki, Pakistan qüvvələri əlavə tədbirlər görsə, Əfqanıstan qüvvələri müdafiə xarakterli cavab verəcək.
***
11.10.2025-ci il
23:05
Əfqanıstanla Pakistanı ayıran Dürand xəttinin bir neçə sektorunda Pakistan əsgərləri ilə əfqan Taliban silahlıları arasında intensiv toqquşmalar davam edir.
Bu barədə yerli mənbələrə istinadən “Tolo news” portalı məlumat yayıb.
Portalın məlumatına görə, şiddətli toqquşmalar Talibanın bir neçə istiqamətdən Pakistan ordusunun sərhəd postlarına hücumundan sonra başlayıb.
Hər iki tərəf artilleriyadan istifadə edir, hərbi mövqeləri atəşə tutur.
Son məlumatlara görə, iki Pakistan əsgəri və beş Taliban silahlısı öldürülüb. Pakistan qırıcılarının da səmaya qaldırıldığı bildirilir.
Vəziyyət son dərəcə gərgin olaraq qalır.