BLOQ

Pakistan-İran qarşıdurması YENİLƏNİR

Münaqişə necə inkişaf edir?

Pakistan-İran qarşıdurması YENİLƏNİR
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 12:58

    Pakistan ordusu yüksək hazırlıq vəziyyətindədir.

    Bu barədə "Reuters" Pakistan ordusunun yüksək səvviyyəli rəsmisinə istinadən bildirib.

    Mənbənin sözlərinə görə, Pakistan ordusu "həddindən artıq" yüksək hazırlıq vəziyyətindədir və bundan sonra İran tərəfinin hər hansı yanlış addımına güclü şəkildə cavab verəcək.

    ***

    12:44

    Pakistanın İranın Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında iki ölkə sərhədində endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb.

    Bu barədə IRNA əyalət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavininə istinadən məlumat yayıb.

    ***

    12:30

    Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zəhra IRNA müxbirinə cavab verib və deyib:

    "İran bizim qardaş ölkəmizdir və Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir.

    Gərginliyi artırmaq fikrində deyilik və iki ölkə arasında qardaşlıq münasibətlərini nəzərə alaraq, regionda sülh və təhlükəsizliyə təsir edəcək hər hansı addımın atılmayacağı gözlənilir.

    Biz terror təhlükəsi də daxil olmaqla, ümumi çağırışların həlli üçün hər zaman dialoq və əməkdaşlığı vurğulamışıq və ümumi həll yolları tapmaq üçün səylərimizi davam etdirəcəyik."

    ***
    11:35
    Pakistan müvəqqəti hökumətinin Baş naziri Ənvar-ul-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyaraq İslamabada qayıdır.

    Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat brifinqində məlumat verib.

    Onun sözlərinə görə, İranla yaranmış gərginliyə görə Baş nazir Davos səfərini yarımçıq qoymaq qərarına gəlib.

    XİN sözçüsü əlavə edib ki, Pakistan XİN rəhbəri Cəlil Abbas Cilani də Qoşulmama Hərəkatının Uqandada keçirilən sammiti ilə bağlı səfərini yarımçıq qoyaraq qayıdıb.

    ***

    11:04

    Çin Xalq Respublikasının Pakistanın Kəraçi şəhərindəki konsulu:

    “Çin İran və Pakistan arasında vasitəçilik etməyə hazırdır”.

    ***

    10:30

    Pakistanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

    “Tehran Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə endirdiyi zərbələrlə bağlı İslamabaddan açıqlama tələb edib”.(PressTV)

    ***

    09:07

    Pakistan səhər saatlarında “Marg Bar Sarmachar” adlı antiterror əməliyyatı keçirib.

    TASS xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilib ki, əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən “terrorçu sığınacaqları”na zərbələr endirilib.

    Hava zərbələrinin yüksək koordinasiyalı və dəqiq hədəflənmiş olduğu qeyd edilib

    "Mövcud kəşfiyyat məlumatlarına əsasən, həyata keçirilən "Marg Bar Sarmachar" kod adlı əməliyyatda, bir neçə terrorçu məhv edilib”, - məlumatda vurğulanır.

    İranın "Tasnim" agentliyi isə Sistan və Bəlucistan əyalətinin Seravan rayonu yaxınlığında baş verən partlayışlarda 7 nəfərin həlak olduğunu bildirib. Partlayış nəticəsində həlak olanların üçünün qadın, dördünün uşaq olduğu vurğulanır. 

    ***

    08:58

    Pakistan İran ərazisinə aviazərbələr endirib.

    Bu barədə "France-Presse" məlumat yayıb. Agentlik Pakistan ordusunun İrandakı silahlı qruplaşmaları hədəfə aldığını bildirib.

    İRNA agentliyi Saravan şəhərində partlayış səsləri eşidildiyini bildirib.

    Qeyd edək ki, İran bir gün əvvəl Pakistanın Bəlucistan əyalətindəki hərbi hissəyə dronla hücum etmişdi.