Papa II İohann Pavelə sui-qəsdi ASALA sifariş verib
Bu barədə İtalyan yazıçı Ezio Qavazzeni “Papa ölməlidir” kitabında iddia edir

İtalyan müəllif: 1981-ci ildə Papa II İohann Pavelə silahlı hücum erməni terror qruplaşması ASALA tərəfindən sifariş edilib.
İtalyan yazıçı Ezio Qavazzeni “Papa ölməlidir” kitabında iddia edir ki, 1981-ci il mayın 13-də Papa II İohann Pavelə qarşı sui-qəsdin sifarişi erməni terror qruplaşması ASALA olub. Bu barədə "Blitz" nəşri yazır.
Qavazzeni 400 məxfi sənədə əsaslanaraq, Müqəddəs Pyotr meydanında atəş açan türk Mehmet Əli Ağcanın erməni terrorçuları adından hərəkət etdiyi qənaətinə gəlib. Müəllifin sözlərinə görə, Ağca hücumdan əvvəl İstanbuldakı "Opera" kafesində ASALA nümayəndələri ilə görüşüb.
Papa II İohann Pavelə sui-qəsd Ağcanın atəş açması nəticəsində Papanın qolundan və qarnından yaralanması ilə Müqəddəs Pyotr meydanında baş verib. Ciddi zədələrinə baxmayaraq, Papanın əməliyyatı uğurla keçib.
Qeyd edək ki, ASALA (Ermənistanın Azadlığı üçün Gizli Ordu) 1975-ci ildə Beyrutda yaradılmış erməni terror təşkilatıdır. 1980-ci illərdə ASALA bütün dünyada türk diplomatlarını hədəf almaqda fəal olub və nəticədə 30-dan çox türk diplomatı həlak olub. 1983-cü ildə təşkilat Orli hava limanında (Paris) 8 nəfərin ölümü ilə nəticələnən terror aktında iştirak edib. Təşkilat ABŞ tərəfindən terror təşkilatları siyahısına salınıb.