BLOQ

Laçın - ağrı, qürur, şərəf şəhəri

Diaspor gənclərinin növbəti yay düşərgəsində xaricdə yaşayan soydaşlarımıza müstəqil dövlətçilik tariximizdən danışırdım

Laçın - ağrı, qürur, şərəf şəhəri
  • Oxuma müddəti:

    29 dəqiqə

  • Artıq ənənəyə dönmüş Diaspor gənclərinin növbəti yay düşərgəsində xaricdə yaşayan soydaşlarımıza müstəqil dövlətçilik tariximizdən danışmaq üçün Laçına yola çıxmışam. Sayca artıq V yay düşərgəsi işğaldan azad olunmuş, artıq xeyli abadlaşdırılmış və ən başlıcası öz yerli sakinləri ilə məskunlaşdırılmış bu şəhərdə keçirilir. Səfər yoldaşlarımızdan ikisi şəhid anası, üçü Vətən müharibəsi qaziləridir və onlarla ilkin ünsiyyət bu səfərin sadəcə yol təəssüratları olmayacağından xəbər verir. Könül xanım və Şəfa xanımın igid oğullarının –kapitan Həmid Həmidli və baş leytenant Fuad Əlizadənin qəhrəmanlıq hekayətlərini dinləyirik, göz yaşlarını bölüşürük. Qazilərimiz hələ susur, üzlərindəki sərt, gərgin ifadələrdən şəhid analarının keçirdiyi hisslərin onlarda tanış və əzablı xatirələr doğurduğu açıq görünür. Gözəl Bərdədən keçib Ağdamın viranə qalmış, yerlə yeksan edilmiş torpaqlarına daxil olanda, müharibənin ilkin izlərini - səngərləri görəndə sözlə ifadə ediləsi mümkün olmayan əhval-ruhiyyə yaranır. Nə vaxtlarsa Qarabağın ən iri, abad, qaynar həyatlı şəhəri, yollar qovşağı, bütün bölgəni dolandıran ticarət mərkəzi, tarixi məhəllələri ilə tanınan o məşhur Ağdam şəhərindən əsər-əlamət qalmayıb. Yol boyu uzanan bu sökük divarların, daş yığıntıların nə vaxtsa kimlərinsə evi olduğu, Ağdam camaatının hələ yalnız XX əsrdə – 1905-1906, 1917-1919, 1988-1993-cü illərdə öz evini, şəhərini namərd erməni qonşularından, Qarabağın nankor, kinli erməni əhalisi və qonşu Ermənistanın nizami hərbi qoşunlarından qoruduğu, yalnız I Qarabağ müharibəsində 6000-dən çox şəhid verdiyi kimi bilgilər dəruni bir ağrı doğurur. Amma göz önündə başqa bir mənzərə də açılır. Hazırda şəhər ərazisi böyük bir tikinti meydanını xatırladır. Ağdam tikilir, abad edilir, yəqin ki, nə vaxtsa öz yeni, müasir siması ilə bir daha Qarabağın mərkəzi işgüzar şəhərinə çevriləcək, amma bu ağrının keçməməsi üçün bütöv bir şəhərin məhv edildiyi, əhalisinin qətlə, qarətə, köçkünlüyə məruz qaldığı gerçəkliyinin unudulmaması üçün dağıntılardan ibarət məhəllələrdən birinin canlı xatirə - açıq havada muzey kimi saxlanması zəruridir.

    Tarixin təkrar olunduğunu eynilə Əsgəran qalası da xatırladır. Kiçik qrupumuza rəhbərlik edən Diaspor Komitəsinin şöbə müdiri, tanınmış jurnalist və tarixçi alim Cavid İsmayıl Əsgəran qalasında dayanacaq elan edir. Bu əraziləri və tarixi tikililəri seyr etdikcə nədənsə xatirimdə məhz Cümhuriyyət dövrü qalanın dəfələrlə erməni qoşunları tərəfindən tutulub – geri alınması, Əsgəran-Şuşa yolunun bağlanması üzündən azərbaycanlı dinc əhalinin dəhşətli əzablara, itkilərə məruz qalması, Qarabağda 1920-ci il son erməni qiyamının - əslində müharibənin məhz bu qalaya hücumla başlanması kimi hadisələr canlanır. Yaxın keçmişin hələ də bu günümüzlə səsləşməsi tarixin bu səhifəsini çevirməyə hələ ki, imkan vermir.

    Xocalının neçə illər boş qalmış aeroportu, bu məkanı yenicə tərk etmiş rus qoşunlarının yerləşdiyi hərbi hissələr və qoyub getdikləri texnika isə artıq şəxsən yşadığımız reallıqdır və müqəddəslik rəmzinə çevrilmiş “Xocalı” adının və faciəsinin ağrısını bir daha bizlərə hiss etdirir.

    Nəhayət Şuşa dağları görünməyə başlayır və Vətən müharibəsi qazilərimizin dili açılır, necə açılır... Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri – Famil Fərəcov, Cavid Həsənov, Orxan Əkbərov “baxın o dağın ətəyindən çıxdıq...”, “O təpənin arxasından keçərək dağa qalxmağa başladıq...” deyə Şuşanın alınması haqda artıq əfsanəyə dönmüş hücum əməliyyatları, ayrı-ayrı döyüş epizodları, cəbhə dostları, şəhid silahdaşları haqqında “şifahi tarix” adlandırıla biləcək qəhrəmanlıq hekayələri danışırlar. Birdən Cavid Həsənov sürücüyə yaxınlaşır, maşını bir qədər arxaya verərək saxlamağı xahiş edir: “Buradan beləcə sakit keçə bilmərəm...”. Sürücü Cavidin xahişinə əməl edir. Hamımız yerə enirik. İlk nəzərdə o qədər də yüksək olmayan bir dağın ətəyi, üzü aşağı, yola yaxın yerdə kiçik bir dərə. “Yuxarıda döyüşəndə və irəli getməli olanda şəhidləri və yaralıları aşağı endirib bu dərəyə yığırdıq ki, imkan tapan kimi gəlib aparaq. Döyüşçülərimizdən birini gözətçi qoyduq ki, gecə qurd-quş, çöl heyvanları buraya yığışmasın. Onları aparmağa gələndə yaralılardan da bir neçəsinin qanaxmadan şəhid olduğunu gördük”... Nəfəsimiz və nitqimiz tutulub. Şəhid anaları az qala ağı deyir. Cavid nə düşünürsə əlindəki telefonda təsvir etdiyi – şəhidlərlə yaralıların yığıldığı dərənin video görüntülərini mənə göstərir. Ürəkparçalayan bir mənzərə... Heç kimə vermədiyi və hər kəsə də göstərmədiyi həmin videodan bu yazım üçün yalnız bir şəkil istəyirəm, qazimiz söz verir, amma mən sonra öz fikrimdən daşınıram. Belə bir şəklin son dərəcə üzücü cazibəsindən çıxmağın, gündəlik işlərə qayıtmağın bütün ağırlığını anlayıram və oxucularıma da bunu rəva görmürəm. Bu qanlı yaddaş yükünü daim qəlbində daşıyan qazılərimizə səbr, öz həyatlarını həm də şəhid dostlarının yerinə şərəflə yaşamağı arzulayırıq.

    Yolumuza davam edirik və Xankəndini, daha sonra Şuşanı uzaqdan seyr etməklə məşhur Laçın dəhlizinin dolanbac yolları ilə nəhayət ki, dağlar qoynuna səpələnmiş qeyri-adi bir məkana – Laçın şəhərinə yetişirik.

    Etiraf edim ki, Laçın adı məndə ilk növbədə bu torpağın qəhrəman övladları, daha çox Cümhuriyyət dövrü Qarabağın və Zəngəzurun taleyində misilsiz rol oynamış tarixi şəxsiyyətlər - Xosrov və Sultan Sultanov qardaşları ilə bağlı təəssüratlar doğurur. İndi Xosrov bəyin vaxtilə min zülm bahasına qayda-qanun yaratdığı, Sultan bəyin silahlı dəstələrinin Andranikin qoşunları, bölgənin nanəcib, əlisilahlı erməni əhalisinin qarşısında at oynatdığı, işğaldan sonra da bir müddət rus-bolşevik qoşunlarına qənim kəsildiyi torpaqlardayıq. Tarixlə təmasdan doğan hisslər izahedilməzdir və şəhərin bərpası zamanı bu amil ideoloji ayrıseçkilik qoyulmadan minnətdarlıqla nəzərə alınıb: şəhərdəki küçələrin biri Xosrov bəy Sultanovun, digəri 1920-ci illərin ortalarında yeni yaradılan rayona Laçın adının verilməsinin təşəbbüskarı, milli mövqedə duran Sovet siyasi xadimi Tağı Şahbazinin adlarını daşıyır. Digər məkanların adları da tarixi yaddaşdan gəlir: şəhərin məşhur Abdallar məhəlləsində inşa edilmiş kiçik kempinklərdən ibarət qonaq qəsəbəsi də “Abdallar” (Laçının ilkin tarixi adlarından biri) adlanır. Həkəri çayının kənarı boyunca salınan gözəl bulvar Laçına gələn qonaqların, eləcə də Diaspor gənclərinin Yay düşərgəsinin iştirakçılarının ən xoşladığı məkandır. Gənc soydaşlarımızla elə burada görüşürəm, məni gözləyirlərmiş, müstəqillik tariximizə dair məruzə olacağını bilirlər və böyük maraqla dinləyəcəklər.

    Ertəsi gün Cavid İsmayılın moderatorluğu və Musa Yaqubdan gətirdiyi: – “Bəlkə də borcundan çıxmadım, Vətən\ Ömür bahar deyil, bir də qayıtsın.\ Ölsəm də, qoynunda qoy ölüm ki, mən,\Çürüyüm, bir ovuc torpağın artsın” beyti ilə başlanan şəhid anaları və qazilərlə çox təsirli görüşdən sonra mən gəncləri bu qəhrəmanların azad etdikləri torpaqların 100 ildən bir qədər artıq əvvəlki tarixinə ekskurs etməyə çağırıram. Belə ki, erməni təcavüzü, qanlı döyüşlər, Qarabağ-Zəngəzur məsələsi son 30 ilin hadisəsi deyil. Bu torpaqlar görünməmiş siyasi-hərbi oyunlar və münaqişələrin gedişində yalnız Böyük Kişilərin qurduqları müstəqil dövlətçiliyə və əvvəlki nəsil Azərbaycan əsgərinin qəhrəmanlığına səbəb indiki Vətən hüdudlarında qorunub saxlanıb. Bu mövzunu həmin Kişilərdən birinin – Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi işığında nəzərdən keçirəcəyik.

    Mövzu seçimi aydındır, amma bu dəfə Qəhrəmanımızın təqdimatında auditoriyanın yaş amili əsas götürülüb: hələ yeniyetmə ikən böyük amallar uğrunda siyasət dünyasına atılan bu fenomen şəxsiyyətin öz xalqının taleyüklü pik nöqtəsi sayılacaq inanılmaz məqsədinə məhz GƏNC yaşlarında Nail olduğunu və bunun Mümkünlüyünü göstərmək! Gənc dinləyicilərim dərhal bu məqama reaksiya verirlər: Rəsulzadənin keçdiyi siyasi, ictimai, ideoloji, milli mübarizə yolunun hər mərhələsində onun yaşını birlikdə vurğulayırıq. İlk İnqilabi gənclər təşkilatları yaratmaq, dövrü mətbuatda çıxışları ilə mövcud çar rejiminin hədəfinə çevrilmək – 17-24 yaş! İran kimi mühafizəkar şahlıq ölkəsinə demokratiya dəyərləri gətirmək, bu ölkənin siyasi məkanında nüfuzlu partiya xadimi və ilk demokratik qəzetin təsisçisi olmaq – 25-27 yaş! İctimai-siyasi nəzərlərində təkamüldən keçərək yeni bir məfkurənin – azərbaycançılıq ideologiyasının əsasını qoymaq – 28-32 yaş! Azərbaycan milli hərəkatının ideoloqu və lideri, Ümumrusiya müsəlman xalqlarının ən gənc siyasi xadimi – 33 yaş! Azərbaycanın ilk milli müstəqil dövlətinin başçısı, Azərbaycan Cümhuriyyəti Milli Şuranın sədri – 34 yaş!!!

    Zənnimcə, Rəsulzadənin zəngin həyat və mübarizə yoluna məhz bu yanaşma öz effektini verib, gənclər böyük diqqət, hətta bir qədər gərginlik içindədirlər. Ayaq üstə səslənən alqışlar yalnız əlçatmaz “məşhur Rəsulzadə” fenomeninin doğurduğu coşqun emosional qavramanın təzahürü deyil. Bir gənc insanın sadalanan bu uğurları düşündürücüdür, cazibədardır, təsiredicidir, sanki hər kəsə öz imkan və şanslarını götür-qoy etməyə, sınamağa, cəsarətli və nikbin olmağa əsas verir (məruzədən sonra mənə yaxınlaşan bir neçə cavan soydaşımızın sual və düşüncələri məhz bu məsələlər ətrafında idi).

    Parlament respublikası olan Azərbaycanda məhz bu hakimiyyət orqanının, xüsusilə onun aparıcı fraksiyasının həlledici mövqeyə malik olduğunu izah edirəm, bu baxımdan Müsavat və Bitərəflər fraksiyasının lideri kimi Məhəmməd Əmin bəyin dövlət quruculuğu dövründə də ölkə üçün bütün mühüm məsələlərin müzakirəsi və həllində az qala son söz sahibi olduğuna dair nümunələr gətirirəm. Bu nümunələr arasında Qarabağ-Zəngəzur məsələsi önə çıxır.

    Mövzunun gedişində bu dönüş başadüşüləndir. Laçındayıq! Tarixi Zəngəzurun bir hissəsi. 1917-1920-ci illər bu ərazilərdə erməni silahlılarının Qarabağ-Zəngəzur torpaqlarına iddiaları, silahlı basqınları, Fətəli xan Xoyski hökumətinin ilkin tədbirləri, Türk ordusunun Qarabağ yürüşü, Azərbaycan Parlamentində Qarabağ dinləmələri, Rəsulzadənin dəfələrlə hökumət kabinəsini istefadan xilas etməsi, Qarabağda general-qubernatorluğun təsisi və Xosrov bəy Sultanovun Qarabağ qubernatoru kimi fəaliyyəti, azərbaycanlı əhalinin erməni silahlıları tərəfindən təcavüzə məruz qalması qarşısında erməni kəndlərinə hücumlar, nəhayət Xosrov bəyin Qarabağın erməni əhalisinin Azərbaycan hökumətinin idarəçiliyini tanımasına nail olması və bununla da Dağlıq Qarabağın bölgədəki hakim xarici qüvvələr tərəfindən Ermənistana verilməsi təhlükəsinin qarşısının alınması kimi məsələlər şəkillər, rəqəmlər, tezislərdən ibarət slaydlar vasitəsilə şərh edilir. Gənclər tam diqqət kəsiliblər. Bu tarixi hadisələr və şəxslərin çoxu haqda ilk dəfədir eşidirlər.

    Rəsulzadənin Cümhuriyyətin işğalından sonrakı həyatı, mühacirət dövrü mübarizəsi, qoyduğu zəngin yazılı irs və s., həmçinin sözü gedən digər qəhrəmanlar – xüsusilə Xosrov və Sultan bəylərin sonrakı taleyi haqda məlumatlarla və bütün bu tarixi hekayətin doğurduğu ümumi düşüncələrlə məruzəmə yekun vururam. Hamı ayağa qalxır. Şanlı tariximizə alqışlar səslənir.
    Dinləyicilər arasında iki xüsusi qonağımız var: Sultan və Xosrov bəylərin qardaşı İsgəndər bəy Sultanovun nəvəsi Laçın Paşayev və onun oğlu Xosrov Paşabəyli. Gənclər indicə haqqında eşitdikləri, Qarabağın Azərbaycanın tərkibində qalmasında xüsusi xidmətləri olmuş Xosrov Paşa bəyin nəslinin nümayəndələrini xüsusi şövqlə salamlayırlar. Doğulduğu yurdun adını daşıyan Laçın bəy öz qəhrəman babalarının xatirəsinə dair çox təsirli çıxış edir, gənc Xosrov da böyük həyəcan içindədir, daşıdığı adın məsuliyyətini bilir. Bu məşhur nəslin davamçıları ilə tanışlıq mənə də olduqca xoşdur, sonrakı ünsiyyətimiz zamanı Laçın bəyin Rəsulzadə haqqında məruzədən özü üçün bir çox yeni məlumatlar aldığı və bu şəxsiyyətin böyüklüyünü daha dərindən duyduğu kimi fikirləri isə ikiqat sevinc doğurur.

    Laçın “missiyamız” deyəsən hələ bitməyib. Ertəsi gün “Qərbi Azərbaycana dönüş” mövzusunda daha bir panelin iştirakçısı oluruq. Çox mühüm, əslində diaspora gənclərinin qarşıdakı fəaliyyəti üçün prioritet sayılacaq mövzuya həsr olunmuş bu paneli Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilova təşkil edib və əsas çıxışçılar Qərbi Azərbaycan icmasının təmsilçiləridir. Mənimlə birlikdə Laçına gəlmiş tarixçi həmkarım və doktorantım, t.ü.f.d. Əfşan Şəfiyeva da əvvəlcədən nəzərdə tutulmasa da, əslən İrəvan şəhərindən olduğu üçün bu panelə qatılır. İcmanın nümayəndələri onun yaranması, məqsədləri, eləcə də Qərbi Azərbaycan ərazilərinin tarixi, toponimləri, abidələri haqqında çox geniş, təfsilatlı və məzmunlu məlumatlar verirlər, Əfşan xanımın öz valideynlərinin doğma şəhəri olan İrəvana 14 yaşına qədər hər il etdiyi səfərlər və doğmalarından eşitdikləri xatirələrlə bağlı təəssüratları isə mövzuya xüsusi bir canlılıq, insani nəfəs verir. Müzakirələrin və gənclərin sualların gedişində mən də söhbətə qarışıram, müəyyən məsələlərə tarixi baxımdan aydınlıq gətirirəm. İstər İrəvanın, istərsə də Zəngəzur və digər ərazilərimizin itirilməsində yalnız erməni amilinin deyil, onları dəstəkləyən xarici qüvvələrin də roluna diqqət çəkirəm. Ermənistanın paytaxtı olduqdan sonra da İrəvan məsələsinin daim Cümhuriyyət Parlamentinin diqqətində qaldığı, bu məsələyə heç də nöqtə qoyulmadığı, Bakı azad edildikdən, Qarabağda qubernatorluq yaradıldıqdan sonra Rəsulzadənin “indi bizim Qarabağ məsələmiz yoxdur, necə ki, Bakı məsələmiz yoxdur. İndi bizim İrəvan məsələmiz var, Borçalı məsələmiz var” deyimini xatırladıram, Zəngəzuru tam nəzarətə götürməyə çalışan Xosrov bəyin səylərinin qarşısının məhz bölgədəki xarici qüvvələrin təzyiqi ilə alındığını, iki respublikanın hökumət başçıları - Nəsib bəy Yusufbəyli ilə Xatisyanın hərbi toqquşmaların dayandırılmasına dair 22 noyabr 1919-cu il sazişini imzalamağa sövq edildiyini yada salıram və bu günümüzlə bağlı paralellər aparıram. Avropa Şurasının Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Qarabağ ermənilərinin mütləq olaraq Qarabağa qayıtmasına dair son bəyanatını nümunə gətirirəm və İcmanın bu bəyanata münasibətinə dair sual verirəm. Qərbi Azərbaycan İcması Aparatının rəhbəri Qalib Qasımov bu təxribatçı bəyanata verilən cavabı səsləndirir.   

    Rəsulzadənin təbirincə deyilərsə, Qarabağ məsələsinin tam şəkildə həllindən, ölkə başçısının bu məsələdə istənilən xarici hücumlara qarşı qətiyyətli mövqeyindən sonra hazırda məhz Qərbi Azərbaycan məsələsinin, hər hansı siyasi həllindən ya durumundan asılı olmayaraq, gündəmdə qalması labüddür və zənnimcə, bu mövzuda panel diaspor gənclərinin qarşıdakı çalışmalarını müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Düşərgə iştirakçıları arasında ata-babaları əslən Qərbi Azərbaycandan olan xeyli gənc var, suallar verirlər, mövqe bildirirlər, bu məsələyə dair yaşadıqları ölkələrdə fəaliyyət dairəsi ətrafında müzakirələr başlayır, müxtəlif təkliflər səslənir. Mövzu seçimi, təşkili və idarəçiliyi üçün Esmira xanım Xəlilovaya respekt!

    Ümumiyyətlə təəssüratlar genişdir, iki gün ərzində gənclərlə, eləcə də Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşları ilə geniş ünsiyyətdən şəxsən iştirak etmədiyimiz panellər haqqında da geniş məlumatlarımız var. Məs., Komitənin şöbə müdiri, tanınmış jurnalist Vəsilə xanım Vahidqızının moderatorluğu ilə keçən “Laçınlılar Laçında” paneli öz yüksək emosional təsiri ilə yadda qalıb. Vəsilə xanımın özünün də Laçından olması və bu paneli vaxtı ilə bitirdiyi, hazırda abad edilib yeni istifadəyə verilən doğma məktəbində, bu məktəbin tanınmış məzunlarının iştirakı ilə təşkil etməsi görüşün təsir gücünü daha da artırıb.

    Laçınlıların, o cümlədən xaricdəki soydaşlarımızın öz torpaqlarına bağlılığının elə düşərgə günlərində canlı şahidiyəm.6 il əvvəl Sankt-Peterburqda bir konfransda iştirak zamanı Əfşan Şəfiyevanın uzun illər bu şəhərdə yaşayan keçmiş tələbə yoldaşı, indi iş adamı, əslən Laçından olan Ruzbeh Abışovlatanış olmuşduq, Laçın dilindən düşmürdü. İndi həmin keçmiş tələbələrdən daha biri – Diaspora Komitəsinin əməkdaşı Vüqar Əhmədovdan öyrənirik ki, Ruzbeh bəy hazırda Laçındadır və ata-baba evinin əsaslı təmiri ilə məşğuldur. Az sonra Ruzbeh özü də gəlir, çox səmimi görüşürük, söhbətləşirik, xoşbəxtdir, razıdır. Hələ Vətənə tam qayıtmaq imkanı yoxdur, amma 86 yaşlı anasının bütün qalan ömrünü məcburən tərk etdiyi bu torpaqlarda tam rahat yaşaması üçün əlindən gələni əsirgəməyəcək...  

    “Laçın və laçınlılar” paneli haqqında əvvəlcədən məlumatım olmadığına çox təəssüf edirəm. Belə ki, daha bir laçınlını, ən həssas Laçın təəssübkeşi saydığım bir FB dostumu – Ukraynanın Dnepr şəhərində yaşayan və bu ölkədəki diasporumuzun əsas simalarından olan Eldar Tağıyevin də Laçına, bu paneldə iştiraka dəvət olunmasını mütləq Vəsilə xanımdan xahiş edərdim. Eldar bəyin həm də peşəkar tarixçi, sosial şəbəkələrdə yalnız doğulduğu doğma torpağa deyil, Vətən Azərbaycana səmimi sevgisini tarixi mövzularda şərh edən, geniş maarifçilik fəaliyyəti ilə məşğul olan, eləcə də tariximizin saxtalaşdırılmasına qarşı ardıcıl mübarizə aparan bir Diaspor nümayəndəsi kimi yalnız laçınlılara aid paneldə deyil, ümumən Düşərgə iştirakçıları qarşısında çıxış etməsi çox faydalı olardı. Bu baxımdan düşünürəm ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor ziyalıları” adlı daha bir kompakt fəaliyyət istiqaməti açmaq (diaspor rəhbərləri toplantıları və dünya azərbaycanlıları forumları ilə qarışdırmamalı) və yaşadığı xarici ölkədə hər hansı göstəriş, maddi dəstək olmadan, öz könlünün səsi, vicdanı, vətənpərvərliyi ilə Azərbaycana təmənnasız xidmət edən ayrı-ayrı parlaq ziyalı soydaşlarımızı bir araya gətirmək, onları dinləmək və fəaliyyət dairələrini müəyyənləşdirmək çox uğurlu bir addım olardı. Diaspor Gəncləri bizim gələcəyimizdirsə, Diaspor Ziyalıları bizim bu günümüzdür. Artıq yetişmiş, formalaşmış bu insanların güclü potensialından və təcrübəsindən lazımınca faydalanmaq və onları məqsədyönlü şəkildə diaspor gəncləri ilə əlaqələndirmək diaspor sahəsində işə yeni bir nəfəs verərdi. Hələ yalnız mənim bildiyim qədər, İsveçdə filoloq və riyaziyyatçı alim Səadət xanım Kərimi, Rusiyada prof. Kamran Rüstəmov, Polşada tarixçi alim Şəhla Kazımova, Ukraynada tarixçi Eldar Tağıyev və d. “Tək əldən də səs çıxar” deyimini tam mənası ilə təsdiq edən diaspor ziyalılarımızdandırlar. Komitənin bu sahədə təcrübəsi və əlaqələri var, təbliğat və informasiya sahələrinə rəhbərlik edən Vəsilə xanım Vahidqızı demək olar ki, bütün ölkələrdə bu sıradan soydaşlarımızı tanıyır və yəqin ki, onların da öz “düşərgəsini” təşkil etmək elə də müşkül olmazdı.            

    Yeri gəlmişkən, V yay düşərgəsinin əsl sensasiyası – türk astronavtının iştirakı ilə keçirilən panel də Vəsilə xanımın adı və zəhməti ilə bağlıdır. Anası bakılı olan Türkiyə astronavtı Tuva Cahangir Atasevəri axtarıb tapmaq, ünsiyyət qurmaq, daha sonra iki ölkənin müxtəlif rəsmi qurumları qatılmaqla onun Laçına gəlməyini təşkil etmək Vəsilə xanımın peşəkarlığı ilə yanaşı şəxsi arzu və inadının nəticəsidir. Tuva Cahangir sadəcə astronavt deyil, kosmosa Türkiyə bayrağı ilə yanaşı Azərbaycan bayrağını və Xarı Bülbül nişanını da aparan bir türk övladıdır. Və indi kosmosda olmuş həmin nişanı diaspor gənclərinə nümayiş etdirərkən emosiyaların və alqışların dərəcəsini ifadə etməyə ehtiyac varmı...

    Nəhayət, AR Diasporla İş üzrə Dövlət Komitəsinin bütün kollektivinin artıq 4-cü dəfə iştirak etdiyim yay düşərgələrinin keçirilməsində nümayiş etdirdikləri fenomenal təşkilatçılıq, peşəkarlıq, təşəbbüskarlıq, olduqca böyük zəhmət, səbir, hövsələ, diqqət, nəzakət və d. xüsusiyyətlərini qeyd etmək istərdim. Hər il yay düşərgələrinə gələn gənclərin və təmsil olunduqları ölkələrin sayının artması kollektivin bu nəhəng işin ağırlığından heç də çəkinmədiyini göstərir. Belə ki, “Gənclər Yaşıl Dünya Naminə” devizi altında keçirilən Diaspor Gənclərinin V yay düşərgəsində artıq bütün qitələri əhatə edən 60 ölkədən 115 nəfər gənc soydaşımız iştirak edirdi. Vətənə gəlməyi arzulayan gənclərin sayının da ildən-ilə artdığı nəzərə alınarsa, aylar boyu onlarla yazışmaq, sənədlərini öyrənmək, yaşadıqları ölkələrdə Azərbaycan naminə gördükləri işlərin fonunda seçim etməklə başlanan bu layihənin davamı kimi görülən işlərə diqqət yetirin: gənclərdən hər birinin yol biletlərinin alınması, Bakıda qarşılanması, yerləşdirilməsi, düşərgə məkanına aparılması, sağlamlığının və təhlükəsizliyinin təmin olunması, 7 gün ərzində məşğuliyyət proqramlarının hazırlanması, ictimai-siyasi-tarixi mövzularda panellərdən tutmuş bilik, əyləncə, idman yarışlarının təşkili, gənclərin bu tədbirlərdə iştirakının, boş saatlarda isə istirahətinin təmin edilməsi, düşərgənin keçirildiyi bölgənin tarixi yerləri ilə tanışlıq (bu halda, Şuşaya, Xankəndinə səfərlər) və s., və s. Zənnimcə, 7 günə sığışan işlərin aylarla sürən hazırlıq mərhələlərini və bu 7 gündə keçirilən tədbirlərin heç də hamısını əhatə edə bilmədim. Təbii ki, bu haqda tam məlumatlı da deyiləm. Amma, inanın, Laçının o dağ istisində, xüsusilə günorta saatlarında qızmar günəş altında, daha sonra gecədənxeyli keçmişə qədər yatmaq bilməyən, çalan-oxuyan, rəqs edəngənclərin daim yanında olan, ətrafında dolaşan Komitə əməkdaşlarının yuxusuz, yorğun, halsız, amma hər kəsə açıq, alicənab və təbəssümlü simaları məndə sanki bu kollektivin özünün seçmə insanlardan yığıldığı təəssüratı yaradır. Düşərgənin bağlanış mərasimindən bir gün öncə Komitənin hər region üzrə kuratorlarının öz “uşaqları” ilə keçirdikləri görüşlərin ikisində (Qərb ölkələri üzrə - Leyla xanım Həmzəyeva, MDB ölkələri üzrə - Ruslan Quliyev) iştirak edərkən və onların dialoqlarını dinləyərkən diaspor gəncləri ilə işin nə dərəcədə düşünülmüş və gələcəyə ünvanlanmış şəkildə qurulduğunun şahidi oluram. Təəssüf ki, ünsiyyətdə olduğumuz Komitə əməkdaşlarının hamısının adlarını çəkmək imkanım yoxdur. Amma hamısını salamlayır və təşəkkürümü bildirirəm.