Parisdə səfirliyimizə hücuma dair apellyasiya prosesi olacaq
2022-ci il sentyabrın 18-də radikal erməni millətçiləri Azərbaycanın Parisdəki səfirliyinə hücum edib

2025-ci il iyunun 10-da Paris Apellyasiya Məhkəməsi Azərbaycanın Fransadakı səfirliyinə 2022-ci ilin sentyabrında baş vermiş hücumla bağlı işə baxacaq. Radikal ermənipərəst fəalların təşkil etdiyi bu insident geniş beynəlxalq rezonans doğurub.
Bu, diplomatik quruma hücumun Ermənistan-Azərbaycan münaqişəsi kontekstində nəzərdən keçirildiyi Fransada ilk belə hal idi.
Azərbaycanın diplomatik missiyasına hücumda əsas təqsirləndirilən Ermənistan "Çarcum" hərəkatının üzvü Loris Tufanyan videoçəkilişlərdən və şahidlərin ifadələrindən müəyyən edilib.
Paris məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı ilə L.Tufanyana 6 aylıq şərti cəza və cərimə kəsilib.
Lakin hazırda iş Apellyasiya Məhkəməsinə verilib.
Apellyasiya Məhkəməsində Azərbaycanın maraqlarını vəkil Edmond Verdier təmsil edir.
Beynəlxalq məsələlərlə bağlı fəaliyyəti ilə tanınan Verdier vurğulayır ki, bu proses təkcə dövlətin və ya onun nümayəndələrinin müdafiəsi ilə bağlı deyil: “Biz beynəlxalq hüququn əsaslarını, diplomatik suverenliyi və xalqlar arasında dinc yanaşı yaşamanı müdafiə edirik”.
Ekspertlərin fikrincə, məhkəmənin qərarı diplomatik nümayəndəliklərin təcavüzdən qorunması üçün beynəlxalq hüquqi təcrübədə presedent ola bilər.
Qeyd edək ki, 2022-ci il sentyabrın 18-də radikal erməni millətçiləri Azərbaycanın Parisdəki səfirliyinə hücuma cəhd edib, nəticədə səfirlik binasına ziyan dəyib. Hücumun əsas təşkilatçısı və iştirakçılarının cəzalandırılması tələbi ilə hücumla bağlı sübutlar yerli məhkəməyə təqdim edilib. Məhkəmədə Azərbaycan səfirliyini "Lexlor" hüquq firması təmsil edib.
İstintaqın məlumatına görə, Azərbaycan səfirliyinin ərazisinə zorakılıqla giriş, əmlakın məhv edilməsi ilə müşayiət olunub. Ön qapını sındırmaq üçün metal maneələrdən istifadə edilib. Bu hərəkətlər beynəlxalq hüququn, xüsusən də Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarının pozulması deməkdir.