XƏBƏRLƏR / Parlament

Parlamentarizm: ənənələr və perspektivlər

13 ölkənin parlamentariləri Bakıda toplaşıb

Parlamentarizm: ənənələr və perspektivlər
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Dekabrın 7-də Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı işə başlayıb.

    13 ölkənin parlamentlərindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin dünyadakı müasir çağırışlar fonunda bəşəriyyətə verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.

    Eyni zamanda, bu gün konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunacaq.

    Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.

    Dövlət başçılarımızın və millətimizin ortaya qoyduğu güclü iradə istiqamətində XXI əsrdə də tarix yazmağa davam edirik. Şərq və Qərbi, Asiyanı və Avropanı bir-birinə bağlayan bir coğrafiyada yerləşən ölkələrimiz arasındakı iqtisadi və ticarət əlaqələri həm bölgənin, həm də qlobal iqtisadiyyatın sabitliyinə və rifahına töhfə verir.

    Bu sözləri Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

    “2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı ölkələrimiz arasındakı həmrəylik bölgədəki güc balansını dəyişdirən mühüm bir amil olub. 44 günlük Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub. Şuşa Bəyannaməsi təkcə müttəfiqlik əlaqəsi deyil, eyni zamanda, münasibətlərimizin gələcəyinə dair aydın bir perspektiv, bir yol xəritəsidir. Həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı başda olmaqla bütün platformalarda nümayiş etdirdiyimiz qardaşlıq və həmrəylik iradəsi ortaq gələcəyimizin təminatıdır”, - Fuat Oktay diqqətə çatdırıb.