Partlayışda ölənlərin 17-nin şəxsiyyəti məlum deyil
Bunu Dağıstanın başçısı Sergey Məlikov deyib
Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində baş verən partlayışdan ölənlərin 17-nin şəxsiyyəti məlum deyil.
Bunu Dağıstanın başçısı Sergey Məlikov Moskvada Dövlət Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
"Dünən ölənlərdən şəxsiyyəti məlum olmayanların sayı 17 nəfər idi. Bu gün şəxsiyyəti müəyyənləşdirmə tədbirləri həyata keçirilib, ümid edirəm ki, bu rəqəm azalıb", - deyə Dağıstan rəhbəri bildirib.
Bundan əlavə, o, Mahaçqala ətrafında baş verən partlayışla bağlı cinayət işi çərçivəsində yalnız bir şübhəlinin olduğunu bildirib. "Cinayət işi ilə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi məşğul olur. Bildiyimə görə, cinayət işinin istintaqında yalnız bir şübhəli var. Onun barəsində istintaq hərəkətləri həyata keçirilir”, - deyə S.Məlikov qeyd edib.
Daha əvvəl bildirilib ki, partlayış nəticəsində ölənlərdən 22-nin şəxsiyyəti məlum deyil, qalan qurbanların şəxsiyyətinin müəyyən edilməsi prosesi davam edir.
Qeyd edək ki, avqustun 14-də Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 35 nəfər ölüb.