Paşinyan Ermənistan dəmir yolları və TRİPP haqda danışıb
Ermənistanın Baş naziri parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edib
Ermənistanın Baş naziri Nikol Painyan parlamentdə hökumətin 2026-2031-ci illər üçün proqramını təqdim edərkən deyib: "TRIPP layihəsi təkcə Ermənistan və Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi açmayacaq, o, həm də Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya edəcək.
Azərbaycandan keçən dəmir yolu Ermənistanı Rusiya və Orta Asiya ilə birləşdirəcək. Layihə həmçinin Fars körfəzi ilə Qara dəniz arasında dəmir yolu əlaqələrini açacaq və beləliklə, Ermənistan ilə İran arasında dəmir yolu əlaqəsi yaradacaq.
Ermənistan və ABŞ arasında TRIPP layihəsi çərçivəsində strateji əməkdaşlıq haqqında çərçivə sazişi ratifikasiya prosesindədir.
TRIPP İnkişaf Şirkətinin yaradılması üzrə işlər son mərhələdədir. Xatırladaq ki, Ermənistan bu şirkətdə 26% paya, ABŞ isə 74% paya sahib olacaq. Bu saziş ən azı 49 il müddətində qüvvədə olacaq və bundan sonra qarşılıqlı razılaşmaya əsasən əlavə 50 illik uzadılma olacaq. Bu halda, Ermənistanın payı 49%, ABŞ-ın payı isə Ermənistandan heç bir əlavə maliyyə və ya digər investisiya qoyulmadan 51% olacaq.
Layihə, artıq qeyd etdiyim kimi, Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçiriləcək.
Onu da vurğulamaq istərdim ki, TRIPP heç bir xarici hərbi və/və ya silahlı iştirakı nəzərdə tutmur.
Yeri gəlmişkən, Ermənistana qarşı blokada artıq qismən qaldırılıb, çünki Azərbaycanın Gürcüstandan keçən dəmir yolu 2025-ci ilin noyabr ayından etibarən Ermənistana idxal və ixrac üçün açıqdır və bildiyiniz kimi, Axalkalaki-Qars dəmir yolu may ayında Ermənistandan ixrac və idxal üçün açılıb.
Gürcüstandan keçən Türkiyə yolları da artıq Ermənistan nəqliyyat vasitələri üçün açılır.
O ki qaldı bizim dəmir yolları məsələsinə, o, Ermənistan Respublikasına məxsusdur və sadəcə Rusiya Dəmir Yolları tərəfindən idarə olunur.
Biz Rusiyaya və onun maraqlarına hörmətlə yanaşırıq, lakin Ermənistan dəmir yolu Rusiyanın idarəçiliyində olduğundan, hazırda Ermənistanı beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiya etmək üçün bu tarixi fürsəti əldən vermək riski ilə üzləşirik.
Bu tarixi fürsəti əldən verə bilmərik. Rusiyalı tərəfdaşlarımızdan çeviklik nümayiş etdirmələrini və güzəşt hüquqlarını həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü bir ölkəyə satmalarını xahiş edirik".
2 dəqiqə