Paşinyan və Overçuk yolların açılmasını müzakirə ediblər
Ermənistanın baş naziri Rusiya Federasiyası baş nazirinin müavinini qəbul edib
Paşinyan və Overçuk regionda kommunikasiyaların açılması prosesini müzakirə ediblər.
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.
Paşinyan qeyd edib ki, Ermənistan-Rusiya münasibətlərinin gündəliyi zəngindir və tərəflər həmçinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndinin icrası üzərində işləyirlər.
"Bildiyiniz kimi, biz bu mümkün infrastrukturların ərazisindən keçdiyi tərəflərin suverenliyi və yurisdiksiyasına əsaslanaraq regionda bütün nəqliyyat və iqtisadi əlaqələrin açılmasında və blokdan çıxarılmasında maraqlıyıq. Əminəm ki, bu gün bəzi aspektləri müzakirə edəcəyik" - baş nazir deyib.
Aleksey Overçuk da öz növbəsində bu yaxınlarda Soçidə Ermənistan Respublikası və Rusiya Federasiyasının baş nazirlərinin məzmunlu görüşünün keçirildiyini qeyd edib və ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Rusiya Federasiyası Baş nazirinin müavini qeyd edib ki, bu ilin ilk 5 ayı ərzində ikitərəfli ticarət 96% artıb.
Daha sonra həmsöhbətlər Cənubi Qafqazda nəqliyyat və iqtisadi kanalların açılması istiqamətində Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin işçi qrupu çərçivəsində aparılan danışıqların nəticələrinə toxunublar.
Bu məzmunda Nikol Paşinyan və Aleksey Overçuk dəmir yolu əlaqəsinin bərpası, tərəflərin suverenliyi və yurisdiksiyasına əsaslanan sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.