Pezeşkianın inauqurasiyasına Bakıdan Əli Əsədov gedəcək
İranın yeni prezidenti iyulun 30-da günortadan sonra and içəcək

İranın yeni prezidenti Məsud Pezeşkian dünən – bazar günü Prezident Adiminstrasiyasına gələk rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
İran KİV-i xəbər verir ki, Pezeşkianın Prezident Adiminstrasiyasının binasına daxil olarkən “Qurani-Kərim”in altından keçməsi diqqət çəkib.
O, “Qurani-Kərim”dən ayə oxuyaraq prezident kürsüsündə əyləşib.
Məsud Pezeşkianın andiçmə mərasimi sabah - iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.
İran parlamenti İcraiyyə Şurasının sözçüsü Əlirza Səlimi deyib ki, yeni prezident iyulun 30-da günortadan sonra and içəcək.
Prezidentin andiçmə mərasimi 70-dən çox xarici nümayəndə heyəti və 600 yerli və beynəlxalq jurnalistin iştirakı ilə keçiriləcək.
Azərbaycanı Pezeşkianın andiçmə mərasimində baş nazir Əli Əsədovun təmsil edəcəyi gözlənilir.
İranın Azərbaycandakı səfirliyindən yeni prezidentinin andiçmə mərasimində iştirak edəcək Azərbaycan nümayəndə heyəti açıqlanıb. Səfirlikdən verilən məlumata görə, Baş nazir Əli Əsədovdan başqa Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri - Cavanşir Paşazadə, Hikmət Məmmədov, Əziz Ələkbərli də andiçmə mərəsiminndə iştirak edəcək.
Andiçmə qərargahının məlumatına görə, tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.
Andiçmədə Rusiya, Əlcəzair, Belarus, Qazaxıstan, Özbəkistan, Malayziya, İraq, Burkina-Faso, Uqanda, Komor adaları, Mali, Şri-Lanka, Seneqal, Şimali Koreya parlamentlərinin sədrləri iştirak edəcək.
Həmçinin BƏƏ, Livan, İordaniya, Myanma, Zimbabve, Qırğızıstan, Braziliya, Maldiv adaları və Qabon mərasimə vitse-prezident və baş nazirin müavini səviyyəsində qatılacaq.
Tanzaniya, Niger, Venesuela, Bəhreyn, Yəmən, Liviya, Misir, Sudan, Boliviya, Küveyt, Mavritaniya, Myanma, Konqo, Qambiya, Türkiyə və Eritreya da xarici işlər nazirləri səviyyəsində iştirakı elan edib.
Hindistan, Nikaraqua, Niger, Qana, Bolqarıstan, İslandiya, Tunis, Macarıstan, Kolumbiya, Ekvador, Meksika, Çili, Uruqvay, Malta və Sierra Leone də daxil olmaqla digər ölkələr də bu mərasimə öz nazirlərini və ya səfirlərini göndərəcəklər.
Tədbirdə adıçəkilən ölkələrlə yanaşı, beynəlxalq təşkilatların baş katibləri də iştirak edəcək.