Plagiatlıq, yoxsa başqa kitablardan köçürmələr?
M.Ə.Rəsulzadənin adının düzgün yazılmasının vacibliyi
Son illərdə Azərbaycan tarixinin, xüsusən, Cümhuriyyət dövrünün və onun yaradıcılarının fəaliyyətini öyrənən tədqiqatçılarımızın uğurları, ictimaiyyətə yeni sənədlər, faktlar və kitablar təqdim etməsi bizi sevindirir. Onlardan aşağıdakıları xüsusi olaraq qeyd edirəm: Ədalət Tahirzadə, Asif Rüstəmli, Vilayət Quliyev, Vaqif Sultanlı, Boran Əziz, Akif Aşırlı, Firdovsiyə Əhmədova, Nəcibə Bağırzadə, Dilqəm Əhməd, Ceyhun Nəbi, Vüqar Əhməd, Lətif Şüküroğlu, Fərhad Cabbarov, Mehman Süleymanov və digərləri... Xüsusən bu sıradan daha gənc olan Dilqəm Əhməd və Ceyhun Nəbinin uğurları hamımızı sevindirir. Onlar ağır zəhmətə qatlaşaraq arxivlərdən, kitabxanalardan, şəxsi arxivlərdən böyük zəhmət və vətənpərvərliklə xalqımıza gərəkli olan sənədləri (oxu-sərvətləri) toplayırlar. Yəni bu mövzuda araşdırma aparmaq, kitab yazmaq üçün arxivlərdə çalışmağı bacarmalısan. Akademik Ziya Bünyadov yazırdı ki, bir mövzunu tam öyrənmək üçün 20-30 il arxivlərdə çalımalısan. Yəni belə mövzuları 70-80 yaşda araşdırmağın və kitab yazmağın mümkün deyil. Çünki həm də təcrübən olmalıdır, müxtəlif əlifbaları da biməlisən. Əks halda, yazdığın başqalarından köçürmələr olacaq. Və nəticədə M.Ə.Rəsulzadənin adında təhriflər edib "Məhəmməd" adını "Məmməd" yazacaqsan.
Təəssüf ki, son zamanlarda Cümhuriyyət tarixinə səhlənkar yanaşan "alimlər" də "peyda" olub. Bu günə qədər o mövzuda heç bir araşdırma aparmayan, bir sənəd üzə çıxarmayan, kitabının adını belə düzgün yaza bilməyən bu "alimlərə" dostcasına irad bildirəndə "şantaj" elementlərini işə salırlar.Yəni, yersiz atmacaları, qeyri-dəqiq məlumatları, özlərinin sosial şəbəkədəki "saxta adları" ilə ictimaiyyətə yayıb ictimai fikri çaşdırmağa çalışırlar. Belə "saxta adların" kimlərə məxsusluğu da artıq bilinməkdədir. Əgər belə davam edərsə, həmin şəxslərin ordan-burdan, müxtəlif araşdırmaçılardan və hansı kitabın hansı səhifəsindən və hansı abzas və hansı cümləni "oğurlayıb" kitabına daxil etdiyini sübut edən bir məqaləmi yaxınlarda ictimaiyyətə təqdim edəcəyəm.
Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır.