Polad Bülbüloğlunun adından saxta videomüraciət yayılıb
Bu barədə Azərbaycanın RF-dəki səfirliyindən bildirilib
Feysbuk sosial şəbəkəsində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı (RF) fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adından guya səhhətinin pis olması, həkimlərdən şikayət etməsi və məcburi müalicə kursu keçməsi barədə videomüraciət yayılıb.
Azərbaycanın RF-dəki səfirliyindən bildirilib ki, “deep-fake” texnologiyası ilə həyata keçirilən videomüraciət həqiqətə uyğun olmayan və yalan məlumat ehtiva edən kobud saxtakarlıqdır.
Diplomatik nümayəndəlik qeyd edib ki, belə bir müsahibə heç vaxt olmayıb və videoda nümayiş etdirilənlər Azərbaycanın “CBC” telekanalına bir dəfə verilən müsahibə əsasında başdan sona qədər hazırlanmış quramadır. Saxta videoda P.Bülbüloğlunun ekrandakı nitqinin təsvirlə üst-üstə düşmədiyi aydın görünür.
“Bu saxtakarlığı görən hər kəsi orada yayılan təxribatlara inanmamağa çağırırıq. Sözügedən saxta videomüraciət ilə bağlı tərəfimizdən müvafiq tədbirlər görüləcək. Xüsusi təəssüf hissi ilə qeyd edirik ki, feysbuk sosial şəbəkəsi təkrar müraciətlərə baxmayaraq şikayətlərə heç bir reaksiya vermir və bu məzmunun bloklanması və ya silinməsi üçün heç bir tədbir görmür”, - deyə səfirlikdən bildirilib.