Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi FOTO
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Edqars Skuyanın etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin zəngin tarixə malik olduğunu qeyd edərək, qarşılıqlı təmasların, xüsusilə dövlət başçılarının səfərlərinin əməkdaşlığımızın genişlənməsi işinə verdiyi töhfəni vurğulayıb.
Dövlətimizin başçısı iqtisadi əlaqələrə toxunaraq, ticarət, investisiya və digər sahələrdə daha geniş imkanların müəyyənləşdirilməsinin vacibliyini bildirib.
Azərbaycan Prezidenti ölkələrimizin müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə bir-birini dəstəkləməsinin önəmini qeyd edib. Prezident İlham Əliyev, eyni zamanda, parlamentlərarası əməkdaşlığın da əlaqələrimizin möhkəmlənməsində roluna toxunub, xalqlar arasında təmasların əhəmiyyətini vurğulayıb.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin gələcəkdə də uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyi qeyd edən səfir Azərbaycanın gözəlliyinin və burada gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyıb.
Edqars Skuya dövlətimizin başçısına Latviya Prezidentinin ölkəsinə rəsmi səfərlə bağlı dəvətini çatdırıb.
Prezident İlham Əliyev dəvəti minnətdarlıqla qəbul edib.
Görüşdə Azərbaycan ilə Latviyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib, Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanda əlaqələndirici funksiyasını yerinə yetirməsindən məmnunluq ifadə olunub, Azərbaycan ilə NATO arasında əməkdaşlığın inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı ilə əlaqələrinin inkişafında üzv dövlət olaraq Latviyanın verdiyi dəstək yüksək qiymətləndirilib.
***
Dövlət başçısı həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Ştelin etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərimizin istər siyasi, istərsə də iqtisadi sahələrdə uğurla inkişaf etdiyini bildirərək, özünün Dünya İqtisadi Forumuna səfərləri zamanı İsveçrənin dövlət başçıları ilə mütəmadi görüşlərinin əməkdaşlığın müzakirəsi baxımından önəmini qeyd edib.
Ticarət, iqtisadiyyat, energetika sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev İsveçrə şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətinə toxunub, onların işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma layihələri ilə bağlı fəal işlədiklərini vurğuladı və bu istiqamətdə yaxşı əməkdaşlığın olduğunu bildirib.
Dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərdə insanların rahat yaşaması üçün müasir texnologiya, yaşıl enerji, ağıllı kənd konsepsiyalarının həyata keçirildiyini deyərək, bunların əməkdaşlığımızda yeni istiqamətlər yaratdığını vurğulayıb.
Azərbaycan Prezidenti, eyni zamanda, SOCAR-ın İsveçrədəki fəaliyyətini, İsveçrə şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qoymasını biznes sahəsində əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev qarşıdan gələn illərdə əməkdaşlığın daha da genişlənəcəyinə və güclü tərəfdaşlıq əlaqələrinin həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Səfir ilk növbədə Qarabağa səfərinə toxunaraq, orada gedən yenidənqurma işləri ilə tanış olduğunu qeyd edib, İsveçrə şirkətlərini buraya dəvət etmək istəyində olduğunu deyib.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında İsveçrə şirkətlərinin fəal iştirak etdiyini bildirən Tomas Ştel bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğulayıb.
Azərbaycan ilə artıq 20 ilə yaxındır ki, əməkdaşlıq proqramının həyata keçirildiyini bildirən səfir İsveçrə şirkətlərinin Azərbaycanda makro-iqtisadi sahədə, eləcə də maliyyə və özəl sektorların inkişafındakı fəaliyyətlərini məmnunluqla qeyd edib.