BLOQ

Pulu elə götürdü ki...

Hələ üstəlik şeir də yazdırdı

Pulu elə götürdü ki...
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bir yaxın qohumum var, klassik qədeşdir, yəni yaxşı mənada, necə deyərlər, “ağır cayıl”.

    Bu yaxınlarda zəng eləyib deyir, "heç kim bilməsin, xəstəxanadan danışıram, əməliyyatdan təzəcə çıxmışam, evdəkilər də xəbərsizdirlər, elə bilirlər bağ evindəyəm. Əməliyyat yaxşı keçib, hər şey qaydasındadır. Sənə bir işim düşüb. Sən allah bağışla, vaxtını da alıram. Bəs səndən bir xahişim var, təcili bir şeir yaz, öz adımdan verim mənə baxan tibb bacısına. Çox yaxşı qızdır, hörmətçildir, qorxuram axırda məndən pul-zad almaya, heç olmasa yaxşılığının əvəzində bir açıqcada məndən yadigar güclü sözlər qalsın”.

    Əvvəlcə danlayıram ki, xəstəxanaya getməyini gərək gizlətməyəydi, gəlib ona baş çəkərdim. Deyir "şeiri yazıb telefonuma göndərsən, elə gəlmiş kimi varsan". Gülə-gülə soruşuram, "nə yazım, necə yazım, ilk dəfə sifarişlə şeir yazıram". Deyir "necə yazırsan, yaz, amma güclü yaz". Yenə də deyir, "birdən məndən pul almaz, qoy əvəzində bu şeir qalsın onda, bir də bacarırsansa tez elə…"

    Nə edim, boynuma qoyub, gərək yazım. Və aşağıdakı sətirləri yazıb telefonla göndərirəm:

    Dikilir gözlərim bir ağ xalata,
    Ağappaq dərmanmı bu qız, bu zalım?
    Həbi mən uduram, onu palata,
    Axır yavaş-yavaş düzəlir halım.

    Sənmi göndərmisən, İlahi, onu,
    Gəlir dərdlərimə sığal çəkməyə,
    Baxdıqca üzünə təbəssüm qonur,
    Böylə təbəssümdən eşq çiçəkləyər.

    Dəyişir əhvalım, oluram bihal,
    Yetirir özünü, tək qoymaz məni.
    Hazırdır başımın üstündə dərhal
    Bayılmaq xofuyla bascaq düyməni.

    Əhsən söyləyirəm nur camalına,
    Bundan daha yaxşı öyə bilmirəm.
    İynəmi, dərmanmı hopur qanıma,
    Yoxsa təbəssümü, deyə bilmirəm.

    Zəng edib təşəkkürünü bildirir…

    Üstündən bir müddət keçib, qonaqlıqda yanaşı əyləşmişik, şeirin taleyini soruşuram. Gülür. Deyir "şeirin üzünü səliqə ilə köçürüb verdim, oxuyub gülümsədi. Xəstəxanadan çıxanda hər ehtimala qarşı pul uzatdım, zalım qız pulu elə götürdü, elə götürdü ki...".