
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Bu barədə Kreml məlumat verib.
Nikol Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunları barədə ətraflı məlumat verib. Vladimir Putin İrəvanla Bakı arasında davamlı sülhün təmin olunması istiqamətində atılan addımların vacibliyini qeyd edib. Rusiya tərəfi 2020-2022-ci illər üçün ən yüksək səviyyədə məlum üçtərəfli sazişlərə uyğun olaraq, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına, o cümlədən regionda nəqliyyat kommunikasiyalarının blokunun açılmasına yardım etməyə hazır olduğunu təsdiqləyib.
Vladimir Putin öz növbəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla söhbətin əsas nəticələri və Alyaskada Donald Trampla görüşə hazırlıq barədə danışıb. Ermənistanın Baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.
İkitərəfli gündəlikdəki bəzi aktual məsələlərə toxunulub, Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət və investisiya əməkdaşlığının və qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi vurğulanıb.