
13:15
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş olub.
"Kremlin.ru" danışıqların mətnini açıqlayıb:
V.Putin: Hörmətli cənab Prezident, əziz dost! Sizi görməyə çox şadam və hər zaman konstruktiv, qarşılıqlı hörmət şəraitində keçən şəxsi əlaqələrimizi yüksək qiymətləndirirəm. Bu, mehriban qonşuluq prinsiplərinə və Rusiya-Türkiyə münasibətlərinin ənənəvi dostluq xarakterinə tam uyğundur.
Biz Türkiyəni həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq arenada etibarlı, zamanın sınağından çıxmış tərəfdaş kimi qəbul edirik.
Biz ticarət-iqtisadi əməkdaşlığın dinamikasından da razıyıq. Ötən il ticarət dövriyyəsinin həcmi 6,6 faiz, bu ilin birinci yarısında isə üç faizə yaxın artıb.
Hökumətlərarası komissiya fəal işləyir, sonuncu iclası iyunun sonunda Moskvada keçirilib.
Qarşılıqlı əsasda irimiqyaslı investisiyalar qoyulur. Rusiya şirkətləri Türkiyə iqtisadiyyatının metallurgiya və avtomobil sənayesi kimi sahələrində böyük layihələr həyata keçirir. Türk şirkətləri burada, Rusiyada maşınqayırma, metallurgiya, ağac emalı sahələrində geniş şəkildə təmsil olunurlar.
Enerji sektorunda tərəfdaşlıq həqiqətən stratejidir. Türkiyəyə təbii qazın əsas tədarükçülərindən biri də Rusiyadır. Hazırda “Mavi axın” və “Türk axını” boru kəmərləri ilə Qara dəniz üzərindən ixrac fasiləsiz həyata keçirilir.
"Rosatom" dövlət korporasiyası Türkiyənin ilk Atom Elektrik Stansiyasının - Akkuyu-nun tikintisi üzrə flaqman layihəsini həyata keçirməyə davam edir. Stansiyanın birinci enerji blokunun yaxın vaxtlarda istifadəyə verilməsi üçün hazırlıq işləri görülür.
Əlamətdar haldır ki, 2024-cü ildə rusiyalı turistlər yenidən Türkiyədə əcnəbi istirahət edənlər arasında birinci yeri tutdular. Mənə elə gəlir ki, yeni tarixi rekord qeydə alınıb: 6,7 milyondan çox Rusiya vətəndaşı respublikaya səfər edib ki, bu da əvvəlki illə müqayisədə 6,3 faiz çoxdur. Bu da təbii ki, ilk növbədə, hörmətli cənab Prezident, ona görə ki, siz elə şərait yaradırsınız ki, vətəndaşlarımız Türkiyədə özlərini evlərindəki kimi hiss etsinlər, özlərini təhlükəsiz hiss etsinlər, onların ətrafında əlverişli ab-hava yaradılsın.
Biz Türkiyə ilə beynəlxalq arenada, o cümlədən ölkənizin 2012-ci ildən dialoq tərəfdaşı statusuna malik olduğu Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə iş vasitəsilə konstruktiv qarşılıqlı fəaliyyəti yüksək qiymətləndiririk.
Biz türk dostlarımıza Ukrayna böhranının həlli istiqamətində siyasi və diplomatik səylərə əhəmiyyətli töhfələrinə görə minnətdarıq. Bu ilin may ayından artıq İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib ki, bu da humanitar sahədə bir sıra praktiki məsələlərin həllində irəliləyiş əldə etməyə imkan verib. Əminəm ki, Türkiyənin bu məsələlərdə xüsusi rolu bundan sonra da tələb olunacaq.
Bizim diqqətimiz həmçinin Yaxın Şərq, Şimali Afrika və Transqafqaz kimi ümumi maraq doğuran mövzulara yönəlib. Bütün bu sahələrdə Rusiya-Türkiyə qarşılıqlı əlaqələri yaxşı qurulmuşdur, konkretdir, faydalıdır və deyərdim ki, etimadlıdır.
Təşəkkür edirəm.
R.T. Ərdoğan: Əziz dostum! Bilirsiniz ki, biz sizi ölkəmizdə qəbul etmək arzusundayıq. Bu qüvvədədir və biz sizi tezliklə ölkəmizdə görmək istəyirik.
Etibarlı münasibətlər qurmuşuq. Münasibətlərimiz fürsətçi problemlərdən təsirlənmədən inkişaf edir. Maliyyə institutlarımızın beynəlxalq bazarlara inteqrasiyasına mane olmayacaq alternativ həllərin işlənib hazırlanmasına yönəlmiş texniki danışıqlarımız davam edir, müsbət istiqamətdə gedir.
***
11:51
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş başlayıb.
Rusiya mətbuatı yazır ki, Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir sıra regional məsələləri, xüsusilə Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqazı müzakirə edib.
"Bizim diqqətimiz həm də Yaxın Şərq, Şimali Afrika və Cənubi Qafqaz kimi ümumi maraq kəsb edən mövzulara yönəlib. Bütün bu sahələrdə Rusiya-Türkiyə əməkdaşlığı köklü, konkret, faydalı və deyərdim ki, etimadlıdır", - Putin bildirib.
Putin Türkiyənin Ukrayna nizamlanmasında xüsusi rol oynamağa davam edəcəyinə əmindir.
Ərdoğan Putinə onun Türkiyəyə səfərini gözlədiyini təsdiqləyib. "Təklif qüvvədə qalır", - Ərdoğan bildirib.
Bu barədə TASS məlumat yayıb.
Görüş Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci Zirvə toplantısı çərçivəsində keçirilir.