BLOQ

Qapalı Xəzərdən dünya açılan layihələr

Bakı‐Supsa, Bakı‐Tbilisi‐Ceyhan, Cənubi Qafqaz Boru Kəməri, Cənub Qaz Dəhlizi və sair...

Qapalı Xəzərdən dünya açılan layihələr
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Bakı‐Supsa
    Azərbaycan neftini dünya bazarlarına nəql edən boru xətlərindən biri də Qərb İxrac Boru Kəməridir (QİBK). QİBK-ni Bakı-Supsa kəməri də adlandırırlar. Belə ki, kəmər başlanğıcını Səngəçal terminalından götürüb, Gürcüstanın Supsa terminalına qədər uzanır. Bu kəmər “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın qısa müddətdə yaratdığı neft ixracı sisteminin ayrılmaz bir hissəsidir.
    QİBK ilə Xəzərin Azərbaycan sektorunda hasil edilən neftin Gürcüstan üzərindən dünya bazarlarına nəqli həyata keçirilir. Kəmər vasitəsilə xam neft Qara dəniz sahilinə nəql edilərək Supsa terminalında tankerlərə yüklənir və Bosfor boğazından keçməklə Avropa bazarlarına daşınır.
    Kəmərin tikintisinə Azərbaycan və Gürcüstan arasında 1996-cı ilin martında imzalanmış Hökumətlərarası Sazişdən sonra başlanıb. İnşaat işləri 1998-ci ilin noyabrında başa çatıb. Supsada ilk dəfə neft 1999-cu il aprelin 8-də gəmilərə yüklənib. Aprelin 17-də isə kəmərin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan, Gürcüstan və Ukrayna prezidentləri, ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşaviri iştirak edib.
    Bakı‐Tbilisi‐Ceyhan
    Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Xəzər dənizi sahilindəki Səngəçal terminalını Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalı ilə birləşdirir. Boru kəməri gündəlik ötürmə gücü hazırda 1,2 milyon barreldir.
    Ümummilli lider Heydər Əliyevin adını daşıdığı BTC kəmərinin tikintisinə 2003-cü ilin aprelində başlanılıb və 2005-ci ilin aprelində inşaat işləri sona çatıb. 2005-ci il mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə BTC boru kəmərinin Azərbaycan hissəsinin açılış mərasimi keçirilib. Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istismara verilib.
    2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan terminalına çatdırılıb və iyulun 4-də neftlə yüklənmiş ilk tanker Ceyhandan yola düşüb. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində BTC Əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi olub.
    Cənubi Qafqaz Boru Kəməri
    Cənubi Qafqaz Boru Kəməri (CQBK) 691 km uzunluq (Azərbaycan ərazisində - 443 km, Gürcüstan ərazisində - 248 km) və 42 düym diametr ölçüsündə olan boru kəməridir. Boru kəməri "Şahdəniz" yatağından hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədinə nəql etmək məqsədilə inşa edilib. Türkiyə sərhədinə ilk qaz 2006-cı ildə çatdırılıb. Ətraf mühitə minimal təsir göstərmək məqsədilə CQBK Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə eyni dəhliz boyu inşa edilib. Boru kəmərinin ilkin nəql qabiliyyəti illik 7,41 milyard m³ təşkil edib.
    Cənub Qaz Dəhlizi
    Cənub Qaz Dəhlizi (CQD) “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi çərçivəsində hasil olunan Azərbaycan qazının Türkiyə və Avropa İttifaqı (Aİ) ölkələrinə tədarükünü nəzərdə tutur. Dəhliz, eyni zamanda Azərbaycanın digər yataqlarından gələcəkdə hasil ediləcək, eləcə də üçüncü tərəflərə məxsus təbii qaz həcmlərinin dünya bazarına çatdırılması potensialına malikdir.
    Aİ üçün prioritet enerji layihələri sırasında dəyərləndirilən CQD kompleks kəmərlər sistemi olub, bir neçə seqmentdən ibarətdir: “Şahdəniz 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG), “Trans-Anadolu qaz boru kəməri” (TANAP) və “Trans-Adriatik Boru Kəməri” (TAP).
    2014-cü il sentyabrın 20-də CQD-nin təməli qoyulub. 2018-ci il mayın 29-da Bakıda CQD-nin, iyunun 12-də isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan TANAP qaz boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin açılışı olub. 2018-ci il iyunun 30-da "Şahdəniz 2" layihəsi çərçivəsində ilk kommersiya qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlinə başlanılıb. 2019-cu il noyabrın 30-da TANAP-ın Avropa bağlantısının açılış mərasimi keçirilib. 2020-ci il dekabrın 31-də isə TAP boru kəmərinin istismara verilməsi ilə CQD layihəsinin birinci mərhələsi faktiki olaraq tamamlanıb və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarına nəql edilməyə başlanıb. 33 milyard ABŞ dolları dəyərində olan meqalayihə Xəzər bölgəsini Cənub-Şərqi Avropaya birləşdirərək həm Azərbaycanın, həm də tranzit ölkələrin iqtisadi inkişafına dəyərli töhfə verir.

    1 oktyabr 2022-ci ildə Sofiyada Yunanıstan–Bolqarıstan Qaz İnterkonnektoru rəsmi olaraq istifadəyə verilib.
    Rumıniyanın “Romgaz S.A.” arasında imzalanmış müqaviləyə əsasən, 2023-cü il yanvarın 1-dən Rumıniya Azərbaycan qazını almağa başlayıb.
    Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstan anbarlarının Azərbaycan təbii qazı ilə doldurulmasına başlayıb.

    Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiya istehlakçıları da TAP-ın şimal qoluna çevriləcək İon-Adriatik boru kəməri (2025-ci ildə istifadəyə verilməlidir) vasitəsilə Azərbaycan qazından istifadə edə biləcəklər”