Biz qocaldığımıza görə oynamağı dayandırmırıq...
Biz oynadığımızı dayandırmağımıza görə qocalırıq...
Bu gün Azərbaycan kinosunun 125 illiyi və "Azərbaycanfilm" kinostudiyasının 100 illik yubileyidir. Bu münasibətlə Nizami Kino Mərkəzində keçirilən bu günki tədbir, günəş çılpaqlığı ilə nümayiş edilən mədəniyyətimizin ehtiras və yoxsulluğu barədə danışmağa utandığımdan, dövlət tərəfindən keçirilən bu tədbirdə adı heç bir təltif və ya nominasiyalarda çəkilməyən və buna heç ehtiyacı da olmayan, xalqımızın dəyərli kino və teatr artisti Fəxrəddin Manafov barədə danışsam, dünya ictimaiyyətinə daha çox fayda vermiş olaram. Üstəlik, onun da bu gün ad günüdür!
Deyirlər "Əvəzolunmaz adam yoxdur" – belə deyəndə, söhbət əlbəttə ki, Fəxrəddin Manafovdan getmir. “Ölsəm bağışla” filmində Yusif və ya “Təhminə və Zaur” filmində Zaur rolunda başqa aktyoru təsəvvür etmək çətindir.
İstedadlı, savadlı, hədsiz dərəcədə intellektli, nəcib, incə - bu sözləri asanlıqla digərləri ilə əvəz etmək olar, lakin onların vəhdətindən həyat fundamentini inşa edən bənnanı əvəz etmək, inanmıram ki, mümkündür...
Bir sıra tənqidçilər sıçrayışla dünya kinematoqrafina daxil olan Fəxrəddin Manafov haqqında gileylənirdilər ki, insan eyni zamanda həm Yusif, həm Zaur, həm Marat, həm də Fəxrəddin ola bilməz. "Oskar"a layiq qəhrəmanlarına Manafov o qədər bağlı idi ki, hətta təsadüfi qısa bir ifadələrlə məxməri, boğuq səsi və ya əsəbi kəkələmələri ilə - ilk növbədə yaşadığı hər bir personaja unikallıq gətirərək onu tamaşaçıya hərtərəfli tanıtdırır və sevdirirdi.
Təəccüblü deyil ki, "Sovet ekranı" jurnalı Fəxrəddini "uyğunsuzluqların ustası" adlandırdı. Onun həm Azərbaycan xalqına genetik bağlılığı, həm də Xankəndidə erməni, rus və digər millətlər arenasında boya-başa çatması, ona valideynlərindən keçən sadəlik və işgüzarlıq ona hərtərəfli və çoxşaxəli aktyor olmağa imkan yaradırdı. Balaca Fəxrəddin uşaqlıqdan müxtəlif mədəniyyətlərə bələd olaraq böyüyür, gənc yaşlarında isə Bakı teatrının işıqçısı olaraq Səməndər Rzayev, Həsən Turabov və digər böyük Azərbaycan aktyorlarına işıq saçaraq inkişaf edirdi və…
Və 1977-ci ildə Manafov ilk debütünü azərbaycanlı Firəngiz Qurbanovanın “Arzunu yarat” qısametrajlı filmindən başlayaraq 2015-ci il Böyük Britaniyalı Asif Kapadianın “Əli və Nino” filminədək 38 il dayanmadan inkişaf etdi.
O, həqiqətən sözün ən dəhşətli mənasında işgüzardır.
O, aktyor olmasına baxmayaraq, həmişə olduğu kimi görünürdü və göründüyü kimi vardır.
O, çox təbii insandır, böyük biliyə malik olan sadə və peşəkar aktyordur.
Mənim üçün Fəxrəddin ötən əsrin 70-80-ci illərində sovet dövrünü təcəssüm etdirən bir aktyordur. Peşəkarlıq, savad, abır-həya, mədəni-maarif nöqteyi nəzərdən cayıllıq... İndiki zəmanə onun vaxtı deyil.
Yalnız Fəxrəddin Manafov öz heyrətamiz aktyor dürüstlüyü ilə “Park” filmində neftçilərin gənc briqadiri Maratın faciəsini bu qədər dəqiq canlandıra bilərdi. Bu filmə baxan tamaşaçının hiss etdiklərini, sözlə anlatmaq mümkün deyil – film yanan siqaret kimi ürəkləri əridərək göz yaşlarının yaratdığı göldə qorxaqlıqla cəsarət, yalanla həqiqətin bir-birini batırmağa çalışmasını nümayiş etdirir. Sonda Fəxrəddin insanlıq naminə cılız tələbatlarını tapdayaraq inandığı sabaha qarşı inamla addımlayır.
Bəs səsi? Onun inandırıcı, iti almazla qalın şüşəni incə xırıltı ilə doğrayan səsi tamaşaçı ruhunda dərin məhəbbətdən başqa heç bir iz qoymur. Ümumiyyətlə, mən düşünürəm ki, Manafovun səsini rahatlıqla apteklərdə məlhəm kimi satmaq olar.
Şəxsən mənim üçün o, həmişə Böyük Aktyor olaraq qalacaq. Sözsüz ki, Fəxrəddin kinomuzu böyük və dünyəvi kinoya çevirən titanların sonuncusudur, lakin sonu deyil və xoşbəxt tamaşaçılar bu ilin sentyabrında bizim birlikdə işlədiyimiz yeni, tam müasir, “Birlikdə” adlanan filmində onu yenidən görə biləcəklər. Dahi dramaturqumuz Ramiz Fətəliyevin “Möcüzələr baş vermir” əsəri əsasında çəkilən bu filmdə Fəxrəddin Manafov tamamilə gözlənilməyən obrazı canlandırır. Belə Fəxrəddin Manafovu hələ heç kim görməyib…
Odur ki, Fəxrəddin hələ qocalmayıb, ona görə ki, çəkilməyə davam edir və dünya kinematoqrafına hələ çox töhfələr verəcək və aktyor peşəsinin səviyyəsi və sanballığını bütün dünyaya nümayiş etməyi davam edəcək, in şa Allah!