Bu iki kəlmə bir-birinə zidd olduğu qədər də eyni kökə malikdir. Ərəb mənşəli olan “Mükafat” sözü özündə “Təltif”, “Bəxşiş”, “Muzd” anlamını ehtiva etməklə yanaşı həm də “Cəza” mənasını bildirir. Məlum olur ki, ərəb xalqı qədim tarixlərinin müxtəlif dönəmlərində insanları hürriyyətə çağıran, ədalətsizliyə qarşı mübarizəyə səsləyən fədailəri işgəncə, edam ilə “Mükafat”landırmaqla “Cəza” məfhumunu elitar libasda görüntüləməyi sevirmiş...
Tariximizin son yüz illik mərhələsindən də məlumdur ki, Cümhuriyyət qurucularının, istiqlal mücahidlərinin, yurdsevərlərin Sovet rejimi dövründə layiq görüldükləri ən yüksək “mükafat” (cəza) Çeka gülləsi, su doldurulmuş zirzəmi işgəncələri, “Buzlu cəhənnəm” (Əmin Abid) və digər metodlar olmuşdur.
Azərbaycan Cümhuriyyətinin 105 illik yubileyi öncəsi, May ayının 26-da Cümhuriyyət dövrünün tədqiqatçıları, istiqlal dönəmini işıqlandıran elm, mədəniyyət və sənət adamları məlum və “bağışlanılmaz” günahlarına görə “Cəza”landırılmaq üçün Hacı Zeynalabdin Tağıyevin tarixi evindəki Ziyafət zalına dəvət edilmişdir. Salonda qələbəlik yaşanırdı...
Dövlətçiliyimizin 105 illiyinə həsr edilmiş “Dünyaya Cümhuriyyətlə açılan Azərbaycan” tədbirinin təşkilatçıları Milli Azərbaycan Tarixi Muzeyi, Məhəmməd Əmin Rəsulzadə Ev-muzeyi ictimai qrupu, Danimarkanın “OBAKU” şirkəti və Azərbaycanın VMF Holdinqi idi.
Tədbiri, təşkilatçı qrumlardan birinin rəhbəri, görkəmli alim, tarix elmləri doktoru, professor Solmaz Rüstəmli-Tohidi açdı. O, Cümhuriyyət qurucularının müdrik qərarlarından, siyasi fədakarlıq nümunələrindən, dövlətimiz və millətimiz üçün əhəmiyyətli əməllərindən yığcam söz açdı. İstiqlal fədailərinin ağrılı-acılı taleyindən, həyat və mübarizə yollarından bəhs etdi. Akademik Eldar Ömərovun Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi “Nakam Heykəl”inin biganə məmurların fəaliyyətsizliyi ucbatından bugünədək öz postamentinə həsrət qaldığını niskilli ifadələrlə dilə gətirdi...
Dəyərli həyatını, çalışmalarını Cümhuriyyətə həsr etmiş və dünyasını dəyişmiş görkəmli tədqiqatçılardan Ramiz Abutalıbov, Şirməmməd Hüseynov, Mövsüm Əliyev, Xanlar Bayramov, Zakir Sadatlı və b. ehtiramla yad edildi.
Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları haqqında tədqiqat aparan, bu sahədə önəmli fəaliyyət göstərənlərdən akad. Rəfael Hüseynov, akad.Ömər Eldarov, akad. Nailə Vəlixanlı, Rəis Rəsulzadə, Həsən Həsənov, Vilayət Quliyev, Sərdar Fərəcov, Aydın Əzimov, Nigar Gözəlova, Mehman Süleymanov, Akif Aşırlı, Əzizə Nəzərli, Şəlalə Bağırova, Səadət Kərimi və b. laureatlara Danimarka Krallığında fəaliyyət göstərən “OBAKU” şirkətinin Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr etdiyi, siferblatında Respublikamızın dövlət gerbinin, xəritəsinin, “1918-2023” tarixinin və “105” rəqəminin əks olunduğu xüsusi hazırlanmış və brend olan qol saatları prof. Solmaz Rüstəmli-Tohidi, “OBaku” şirkətinin direktoru Henriette Qrasa Arvin və VMF Holdinqin təsisçisi Vahid Mustafayev tərəfindən təqdim edilmişdir.
Cümhuriyyətlə bağlı “Ədəbi istiqlalımız”, “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” və “Zirədən başlanan yol (Mirzə Bala Məhəmmədzadənin həyatı və mühiti” monoqrafiyalarına görə bu sətirlərin müəllifi də “OBaku” şirkətinin qol saat ilə cəzalandırılmışdır. Solmaz xanım Rüstəmli-Tohidinin “qəzəb”indən yaxşı qurtardıq. Cəzamız daha ağır da ola bilərdi... məsələn Siyasi Repressiyalar Muzeyinə və ya Solovkiyə - qurucu babalarımızın sürgün edildiyi yerlərə səyahət...
Asif Rüstəmli