XƏBƏRLƏR / Münaqişə

Qara dənizdə 11 soydaşımız olan gəmiyə dron hücumu FOTO

YENİLƏNİB

Qara dənizdə 11 soydaşımız olan gəmiyə dron hücumu FOTO
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 14:28

    Odessa sahilindən Türkiyə istiqamətinə üzərkən gəmidə qəfil partlayış baş verdi və güclü yanğın başladı.

    Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında iyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisinin dron hücumuna məruz qalan zaman hadisə yerində olan ikinci kapitan İsmayıl Axundov söyləyib.

    “Yükü boşaltdıqdan sonra Odessa sahilindən Türkiyəyə yan aldıq. Gəminin azərbaycanlı heyətlərinin 11 üzvü aşağıya düşmüşdük. Gəmini yuyurduq. Yuxarıda yalnız kapitan qalmışdı. Ani halda güclü partlayış baş verdi, sonra yanğın başladı. Yaxınlıqda olan gəmilər köməyə gəldi və təxliyə başladı”, - deyə İsmayıl Axundov əlavə edib.

    Onun sözlərinə görə, kapitanın durumu barədə hələ xəbər yoxdur.

    “Hadisə baş verən kimi Azərbaycan dövlətinin müvafiq qurumları dərhal bizə dəstək oldular. Heyətimiz adından təşəkkür edirəm. Hazırda Odessa şəhərindəyik, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları da buradadırlar. Bizimlə yaxından maraqlanırlar və Azərbaycana təxliyə olunmağımız üçün konsulluq dəstəyi davam etdirilir”, - deyə İsmayıl Axundov qeyd edib.

    ***

    02:20

    Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

    Bildirilib ki, hadisə iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində baş verib. Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

    Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır.

    Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıblar. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

    Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.

    Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.