Qara dənizdə iki ticarət gəmisi vurulub YENİLƏNİB
Bu barədə Bolqarıstan Prezidenti İliyana Yotovanın ofisi məlumat yayıb
16:36
Ursula fon der Leyen Qara dənizdə gəmilərə edilən hücumlara münasibət bildirib.

"Ticarət gəmiləri və günahsız heyətlər hədəfə çevrilir. İnsanlar artıq dənizdə ölürlər", - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.
Xatırladaq ki, bu gün Bolqarıstanın eksklüziv iqtisadi zonasında iki ticarət gəmisinə hücum edilib. Bir gün əvvəl Ukrayna taxılını daşıyan bir Türkiyə gəmisi Rumıniya sahillərində vurularaq batıb. Hücumların səbəbləri hələ də araşdırılır.
***
11:45
Bolqarıstanın Qara dənizdəki müstəsna iqtisadi zonasında iki ticarət gəmisi dronların hücumuna məruz qalıb.
Bu barədə Bolqarıstan Prezidenti İliyana Yotovanın ofisi məlumat yayıb.
Məlumata görə, insident Bolqarıstanın Varna vilayətindəki Byala şəhərindən təxminən 80 mil aralıda baş verib. Hücum nəticəsində gəmilərdən biri batıb, digərində isə yanğın başlayıb.
"BGNES"in verdiyi məlumata görə, hücuma məruz qalan gəmilər Toqo bayrağı altında üzən ALFA WATAN və Palau bayrağı altında üzən ABLE olub. ABLE gəmisinin 18 nəfərlik heyəti Bolqarıstan bayrağı altında üzən DIOSCURIA bərəsinə təxliyə edilib.
Hadisə ilə əlaqədar Bolqarıstanın Baş naziri Rumen Radev dövlət qurumlarının iştirakı ilə təcili iclas çağırıb. Prezident İliyana Yotova isə insidentlə əlaqədar Veliko Tırnovo şəhərinə planlaşdırılan səfərini ləğv edib.
Hücumun kim tərəfindən həyata keçirildiyi barədə hələlik rəsmi məlumat verilməyib.
1 dəqiqə