
Mən hər zaman düşünmüşəm: bir yerin gözəlliyini yerli camaatdan soruşsan, sənə ya babasının babasından qalan bir rəvayət danışacaq, ya da hansısa toyu, yas məclisini. Amma əgər doğrudan da bilmək istəyirsənsə ki, həmin yer dünya üçün nə deməkdir – onu ilk dəfə görən bir xaricidən soruş. Onda anlayacaqsan nə itirmişik, nə qazanmışıq, nəyi necə qoruyuruq.
Mehrac Mahmudovu mən yəqin 100 ildir tanıyıram. Bu adam “iş” sözünün hərflərini 10-na vurmaqla sözün əsl mənasını, çətinliyini və keyfiyyətini daim nümayiş etdirib. Mehrac mənə dəfələrlə sübut edib ki, “iş” sözü iki hərfdən ibarət deyil. Lakin vaxt keçir, Mehrac isə artıq “vaxt” sözünün hərflərini çoxaldaraq onları ən azı “tariximiz” sözü qədər etmək niyyətindədir.
Belə ki, dostum pusqudan “GARABAGH: First steps in peace” (“QARABAĞ: Sülhə ilk addım”) adlı kitab nəşr etdirməklə elə bu arzusunu reallaşdırdı.
Azərbaycan dilini qoyub, lazımdır–lazım deyil, ingilis dilində danışanları, yazanları, nəyisə adlandıranları, yumşaq desək, anlamıram. Xanımlar və cənablar, axı sizin dədə-babalarınız ingilis dilində danışmayıb. Fars və rus koloniyasında güllələrlə nəfəs dolu həyat yaşayanda, qılıncla dərimiz soyulanda belə bu kişilər dilimizi qoruyublar. Ay kişi, “Sky Tower” nədir? Qoy oturmuşuq, sən Allah… Lap adamın əti tökülür.
Amma Mehracın kitabı məhz ingilis dilində olmalıdır. Niyə? Bax, burada ən maraqlısı başlayır.
Qarabağ haqqında yüzlərlə kitab yazılıb, əksəriyyəti bizdən – ağrı ilə, qürurla, acı ilə, təntənə ilə. Amma bu kitab fərqlidir. Bu dəfə yazan yazarlar yox, tamaşaçılar çıxıb. Bəli, tamaşaçılar – Avropadan, Amerikadan, Asiyadan gələn turistlər, səyyahlar, blogerlər, sosial media “influencer”ləri... Onlar da baxıb bizim gördüyümüz torpaqlara, hiss edib və tamam başqa cür yazıblar. Bizim torpağımızda. Bizim dağlarımızda. Bizim yaddaşımızın üzərində.
Mənə elə gəlir, bəzən bizim dilimizdə boğulan həqiqətlər, yad dildə danışanda daha uzağa gedir. Çünki millətlərin öz sözləri yox, başqalarının dediyi sözlər daha tez səs salır bu dünyada.
Əlbəttə, adamın bir az da acığı gəlir: "Niyə mənim torpağım haqqında əcnəbi danışmalıdır?". Amma Mehrac sübut etdi ki, diplomatiyada da, sülhdə də, tarixi ədalətdə də şahidlər vacibdir. Və bu kitab şahidlikdir – bir zamanlar işğal, dağıntı, mina ilə yadda qalan torpağa bu gün barış, ümid və turist ayağı dəyir. Bu, təsadüf deyil – bu, tarixə düzəlişdir, redaktor zərurətidir.
Və budur – kitabın içində “TikTok” postları, “YouTube” şərhləri, fotolar, təəssüratlar... Yəni bu dəfə tarix "Google Translate"lə yazılıb. Amma bu, pis deyil – çünki Qarabağ haqqında hətta pis tərcümə də susqunluqdan yaxşıdır. Ən azı, bu dəfə tarix "seen by 1.2M" imzası ilə arxivə düşəcək.
Mən Mehrac qardaşımı təbrik edirəm. O, bir növ “tərcüməçi” olub – bizim qəlbimizin səsini dünya dillərinə çevirib. Bu kitab təkcə səyahət gündəliyi deyil, həm də milli yaddaşın beynəlxalq pasportudur. Bizi görənlər necə gördülər, necə başa düşdülər və necə anlatdılar – bunları bilmək həm güzgüdür, həm də dərsdir.
Çünki nə qədər “Qarabağ bizimdir” desək də, elə gün gələcək ki, dünyanın da “Qarabağ sizinmiş” deməsi daha mühüm olacaq. O gün uzaqda deyil – əgər hər xalq öz Mehracını tapıb, bir kitab ərsəyə gətirə bilsə.