XƏBƏRLƏR / Təhsil

Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib

Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb

Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Qarabağ Universitetinin Nizamnaməsi” təsdiq edilib.

    Bu barədə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov qərar imzalayıb.

    Elm və Təhsil Nazirliyi bu qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

    Universitet Xankəndi şəhərində yerləşir.

    Nizamnaməyə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs “Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamı ilə yaradılıb. Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

    Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:

    - bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;

    - magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;

    - doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;

    - orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;

    - elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.