Qarabağdakı sülhməramlı missiyaya ehtiyac qalmayıb YENİLƏNİB
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov deyib
15:22
“Bu gün, bu əlamətdar gündə xatırlatmaq istərdim ki, 3 ildən artıq müddət əvvəl baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə ölkəmizin tam qələbəsi və ərazi bütövlüyünün bərpa edilməsi ilə sona çatdı. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanat nəticəsində atəşkəsə nail olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Missiya müddətində sülhməramlı kontingent üzərinə düşən tapşırıq və vəzifələri yerinə yetirmiş, Qarabağ iqtisadi rayonu ərazisində sülhün və sabitliyin təmin olunması üçün səylərini əsirgəməmişdir”.
Bu barədə Azərbaycanın Baş Qərargah rəisi Kərim Vəliyev Xocalıda mərasim zamanı bildirib.
“Qeyri-qanuni erməni silahlı birləşmələrinin mülki əhaliyə qarşı davam edən təxribatlarının qarşısının alınması və Qarabağ iqtisadi rayonu üzərində Azərbaycan Respublikasının tam nəzarətinin bərqərar edilməsi məqsədilə 2023-cü ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri keçirilmişdir. Bu tədbirlər nəticəsində separatçı rejimin fəaliyyətinə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələri ölkə ərazisindən tam çıxarıldı.
Yaranmış vəziyyət nəzərə alınaraq ölkələrimizin ali rəhbərliyi tərəfindən Rusiya Federasiyasının sülhməramlı kontingentinin missiyasının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul edildi.
Bugünkü tədbir Sizin sülhməramlı missiyanızın başa çatmasına həsr olunub. Bu münasibətlə Sizi təbrik edir, Qarabağ iqtisadi rayonunda sülhün və sabitliyin rifahı naminə cəsarətli xidmətinizə görə minnətdarlığımı bildirirəm. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram!”, - o qeyd edib.
***
14:14
Ötən ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, Azərbaycan və Rusiya dövlət başçılarının əldə etdiyi razılığa əsasən sülhməramlı missiyanın vaxtından əvvəl fəaliyyətini dayandırmasına qərar verilib:
"2020-ci ildə sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq, başladılan genişmiqyaslı əks-həmlə əməliyyatı Ali Baş Komandanımızın rəhbərliyi altında 44 gün müddətində uğurla başa çatmışdı. Vətən müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya Federasiyası və Ermənistan Respublikasının dövlət başçıları tərəfindən imzalanan üçtərəfli bəyanatın müvafiq bəndinə uyğun olaraq, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı qüvvələri kontingenti fəaliyyətə başlamışdı.
2023-cü ilin sentyabrına qədər bu fəaliyyət davam etdirilirdi. 2023-cü ilin sentyabr ayında Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən uğurlu antiterror əməliyyatından sonra artıq missiyanın da fəaliyyətinə ehtiyac qalmadı.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət başçıları tərəfindən əldə olunan razılığa əsasən, sülhməramlı kontingentin vaxtından əvvəl missiyasının başa çatdırılması və Azərbaycan ərazisini tərk etməsinə qərar verilmişdi. Qərar veriləndən dərhal sonra müdafiə nazirinin müvafiq göstərişinə uyğun olaraq kontingentin silah və texnikasının, şəxsi heyətinin, ləvazimatlarının Azərbaycan ərazisindən çıxarılması üçün zəruri, texniki ve logistik dəstək göstərilmişdi".
Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi. Rusiya Federasiyası sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilmişdi. 10 noyabr bəyanatına əsasən isə sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşırdı.