Qaytarılan Torpaq
23 avqust 1993-cü ildə Füzuli işğal olunmuşdu
23 avqust 1993-cü ildə işğal olunan Füzuli şəhəri bir talelər toplusu olaraq bizə iki əks qütblü yolun yolçusu olan füzulililəri nümayiş etdirir.
Bu, erməni artilleriyasının dayanmadan şəhəri dağıdan mərmilərindən Füzulini məcburən tərk edən gənc, iki balaca uşaq anası, müəllimə Hürrüyə Hüseynova və əksinə, Bakıdan gələn, Füzulini qorumaq üçün əlinə silah alan bəstəkar-şair Rasim Müzəffərlinin hekayələridir. Hər iki hekayə 1993-cü ildə mənim kamerama həkk olunaraq tamaşaçının ixtiyarına rejissoru olduğum “Qaytarılan torpaq” sənədli filminin dramaturju xətti ilə təqdim olunur.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə, "ANS" Şirkətlər Qrupu, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, "Balans" Milli Rəqəmsal Bərpa Studiyasının təqdimatında 2022-ci il dekabr ayının 1-də "Cinema Plus" kinotearında ssenarist və rejissoru olduğum “Qaytarılan Torpaq” sənədli filminin təqdimatı baş tutdu.
1993-cü ildə ekstremal şəraitdə, güllələrin altında çəkilən real insan taleləri, illər sonra filmin qəhrəmanlarının yenidən o yerlərdən keçərək yaşadığı hisslər, yarımçıq qalan və yenidən doğan ümidlər və əlbəttə, 30 il əvvəl qəhrəmanların Füzulidən çıxaraq itirdikləri və qoruduqları dəyərlər filmin ana xəttini təşkil edir. Filmin leytmotivində torpağa olan münasibətdən bəhs edilir...
Fikrimcə, biz torpaqları tərk edəndə o viranə və xaraba qalır və əksinə, biz onun hətta bir ovucunu da olsa qoruyanda, hər zaman onun tam şəkildə qaytarılmasına ümid qalır! Birinci Qarabağ müharibəsində çəkdiyim real kadrlar və İkinci Qarabağ müharibəsində, torpaqlarımız azad olunan ildə, eyni məkanlarda apardığım çəkilişləri yeni filmimdə müqayisəli istifadə edərək, 1993-cü il avqustun 23-də olan vəziyyəti tam aydınlıqla göstərirəm.
Gözəl və 90-cı illər üçün müasir infrastruktura malik şəhər 29 il Ermənistan hərbi qüvvələrinin işğalı altında qalaraq görünməyən vandallıqla tamamilə məhv edilib. Bu dəhşətli hadisələri Füzulini tərk edən Hürrüyə xanım və əksinə, şəhərə daxil olan Rasim Müzəffərli necə xatırlayırlar? Niyə Hürrüyə xanım doğma şəhərini tərk etdi və ya niyə Rasim müəllim əlindəki silahla Füzulini xilas edə bilmədi? Bu və digər tariximizi formalaşdıran suallara “Qaytarılan Torpaq” filmində cavab tapılır.