Qazaxıstan nefti Azərbaycan vasitəsilə daşınacaq
Bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib
Bu ildən Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqlinə başlanılacaq. Bu barədə Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko Mərkəzi Kommunikasiyalar Xidmətinin brifinqində bildirib.
O qeyd edib ki, hazırda ölkədən neftin ixracı bir neçə mühüm istiqamət üzrə həyata keçirilir. “Bu sıraya Rusiyadan keçən istiqamətlər də daxildir. Xəzər boru kəməri konsorsiumu, Atırau-Samara neft kəməri, Aktau-Mahaçqala istiqamətləri də mövcuddur. Bu ildən Aktau-Bakı marşrutu üzrə də nəqlə başlanılacaq. Yəni neft Azərbaycan vasitəsilə daşınacaq”, - deyə Qazaxıstan XİN başçısının müavini bildirib.
Roman Vasilenko xatırladıb ki, Qazaxıstan nefti təkcə Şərq-Qərb deyil, Şimal-Cənub istiqamətində də nəql olunur. Cənub marşrutu Türkmənistan və İrandan keçir. Türkiyə vasitəsilə İrana neftin daşınması barədə danışıqlar aparılır.
Bundan əvvəl “Xarici Siyasət Araşdırmaları İnstitutu” Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini Amangəldi Tajenov bəyan edib ki, Aktau-Bakı marşrutunun işə salınması ilə Qazaxıstan üçün enerjidaşıyıcılarının Avropa İttifaqına tədarükçüsü qismində əlavə imkanlar açılacaq.