XƏBƏRLƏR / Neft və Qaz

Qazaxıstan oktyabrda BTC ilə neft ixracını 1,5 dəfə artırıb

Bu barədə "Reuters" agentliyi "Kaztransoil"a istinadən xəbər verib

Qazaxıstan oktyabrda BTC ilə neft ixracını 1,5 dəfə artırıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu ilin oktyabr ayında Qazaxıstan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 27 min ton neft ixrac edib.

    Bu barədə "Reuters" agentliyi "Kaztransoil"a istinadən xəbər verib.

    Məlumata görə, oktyabr ayında Qazaxıstan neftinin ixrac həcmi sentyabr göstəricisinə (18 min ton) nisbətən 1,5 dəfə artıb.

    Xəbər verildiyi kimi, BTC ilə nəql olunan Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xlorid izləri aşkar edildikdən sonra cari ilin avqustunda həmin marşrutla Qazaxıstan neftinin tədarükü dayandırılmışdı.

    Agentlik həmçinin bildirir ki, Qazaxıstanın iri neft istehsalçısı olan "Tengizchevroil" şirkəti avqustdan bəri yaranmış fasilədən sonra noyabrda BTC ilə 130 min ton həcmində ixracı bərpa edə bilər.

    Daha əvvəl Qazaxıstanın energetika naziri Yerlan Akkenjenova istinadən bildirilib ki, cari ildə ölkə BTC ilə 1,2 milyon ton neft tədarük etməyi planlaşdırır və 2026-cı ildə 1,5-2,2 milyon ton neftin nəqli mümkünlüyünü müzakirə edir.

    Xatırladaq ki, 2022-ci ildə "Kazmunaygaz" (KMG) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Qazaxıstan neftinin tranziti haqqında saziş imzalanıb. 2023-cü ilin martında "Kaşağan" yatağından Azərbaycan ərazisi ilə 7 min ton neftin sınaq göndərişi həyata keçirilib.

    2024-cü ilin martında KMG və SOCAR Azərbaycan ərazisindən neft tranzitinin həcminin mərhələli şəkildə artırılmasına dair saziş imzalayıb. Sənədə əsasən, tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılması planlaşdırılır.