XƏBƏRLƏR / Qonşular

Qazaxıstanda helikopter və PUA istehsal edən zavod tikiləcək

Bu barədə Türküstan vilayəti rəhbərinin mətbuat xidməti xəbər verib

Qazaxıstanda helikopter və PUA istehsal edən zavod tikiləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qazaxıstanın Türküstan vilayətində helikopter və dronların, o cümlədən insan və yüklərin daşınması üçün pilotsuz təyyarələrin istehsalı üzrə yeni zavod tikilə bilər.

    Türküstan vilayəti rəhbərinin mətbuat xidmətinin verdiyi xəbərə görə, vilayətin başçısı Nuralxan Kuşerov ilə sərmayədarın nümayəndəsi arasında görüş keçirilib, layihənin həyata keçirilməsi şərtləri müzakirə olunub.

    Xarici şirkət Türküstan bölgəsinə 290 milyon dollara yaxın investisiya yatırmaq niyyətindədir. Zavodun 150-dək yeni iş yerinin yaradılmasına və region sənayesində yeni sahələrin inkişafına təkan verəcəyi gözlənilir.

    Müəssisə helikopter və dronların həm mülki, həm də potensial xüsusi modellərini istehsal edəcək. Onlardan logistika, kənd təsərrüfatı, turizm, infrastrukturun monitorinqi və digər sahələrdə istifadə olunacaq.

    Layihə iqtisadiyyatın sürətlə inkişaf edən sektoruna - aşağı hündürlükdə aviasiyaya, yəni, 3000 metrə qədər yüksəklikdə uçan təyyarələrə yönəlib. Əsas diqqət şəhər hava nəqliyyatı, yüklərin çatdırılması və dronlardan istifadə etməklə təcili yardım, eləcə də onların kənd təsərrüfatı və sənaye sektorlarında istifadəsinə yetirilib.