Qazaxıstan Müdafiə Nazirliyinin “Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.
Bu barədə Qazaxıstan KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, təlim uçuşu zamanı göyərtədə 3 ekipaj üzvü olub, sərt eniş sonrası onlardan biri ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırıb.
Qeyd olunub ki, hadisənin təfərrüatları araşdırılır, olay yerində qurumlararası əməliyyat qrupu işləyir.
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir: "Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm".