Xəzərdə həlak olan Qazaxıstan hərbçilərinin sayı 14-ə çatıb
Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib
10:45
Qazaxıstanın Manqistau vilayətində təlimlər zamanı həlak olan hərbçilərin sayı 14-ə çatıb.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Xəzər dənizində axtarış işləri başa çatıb, itkin düşmüş iki hərbçinin meyitləri aşkar edilib.
Eyni zamanda, ümummilli matəmlə əlaqədar Qazaxıstanın dövlət qurumlarının binalarında bayraqlar endirilib, əyləncə tədbirləri təxirə salınıb və ya ləğv edilib.
***
2026.24.09 18:38
Qazaxıstanda Manqistau vilayətində xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərlə əlaqədar sentyabrın 25-i ümummilli matəm günü elan edilib.
Akorda xəbər verir ki, müvafiq sərəncamı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb.
Qərar Xəzər dənizi sahilində təlim-döyüş tapşırığını yerinə yetirərkən hərbi qulluqçuların həlak olması ilə əlaqədar qəbul olunub.
Bu gün Manqistau vilayətində təlimlər zamanı havanın kəskin pisləşməsi səbəbindən 19 hərbi qulluqçunu dənizdə axın aparıb. Qazaxıstan Müdafiə Nazirliyinin ilkin məlumatına görə, 9 hərbi qulluqçu həlak olub, üç nəfər xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb. Komissiyaya hərbi qulluqçuların həlak olmasının səbəblərini hərtərəfli araşdırmaq və həlak olanların ailələrinə yardım göstərmək tapşırılıb.
***
15:07
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstan müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Xəzər dənizində təlimlər zamanı doqquz nəfər hərbi qulluqçunun dənizə düşərək həlak olması, bir nəfərin yaralanması, yeddi nəfərin itkin düşməsi barədə xəbər məni dərindən kədərləndirdi. Bədbəxt hadisə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralanan hərbi qulluqçuya isə tezliklə sağalması üçün şəfa diləyirəm. Axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələr verəcəyi ümidindəyəm. Allah rəhmət eləsin", - başsağlığı mətnində qeyd olunub.
Azərbaycan Xarici İşlər Nazirliyinin isə "X" sosial media hesabında Xəzər dənizində Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçirdiyi hərbi təlimlər zamanı insanların faciəvi şəkildə həlak olmasından dərin kədər hissi keçirirdikləri bildirilib.
"Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik".
***
14:02
Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan doqquzu həlak olub.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi xəbər verir.
Hadisə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığı yerinə yetirilərkən baş verib.
Qurumdan qeyd ediblər ki, üç hərbçi xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib.
Digərlərinin axtarışı aparılır.
Xilasetmə xidmətlərinin qüvvə və vasitələri dərhal hadisə yerinə yönləndirilib. Axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyi, Hərbi Dəniz Qüvvələrinin bölmələri, aviasiya və digər aidiyyəti xidmətlər cəlb edilib.
"İlkin məlumata görə, 19 hərbçini axın aparıb. Hazırda 9 hərbçinin həlak olduğu müəyyən edilib. Hadisənin bütün hallarını müəyyənləşdirmək və axtarış-xilasetmə işlərini əlaqələndirmək üçün müdafiə naziri, aviasiya general-leytenantı Dauren Kosanovun rəhbərliyi ilə Müdafiə Nazirliyinin komissiyası təcili olaraq hadisə yerinə gedib", - Müdafiə Nazirliyinin məlumatında bildirilir.
4 dəqiqə