XƏBƏRLƏR / Hərbi

Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib

Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib

Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. 

    Nazir Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqinin son günlərdə intensivləşməsinə toxunaraq, hava gəmilərinin təhlükəsizliyinin təminatı ilə bağlı müvafiq göstərişlər verib.

    Müşavirədə, həmçinin azad edilmiş ərazilərdə yerinə yetirilən mühəndis təminatı tədbirlərinin plana uyğun davam etdirilməsinə xüsusi diqqət yetirilməsi tapşırılıb.

    Sonda general-polkovnik Z.Həsənov İstanbulda keçirilən “IDEF - 23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini qeyd edərək, silahlanmaya yeni qəbul edilən silah və döyüş texnikasının şəxsi heyət tərəfindən mənimsənilməsi, həmçinin Su-25 ML (modernizə edilmiş "Laçın") hücum təyyarəsinin atəş imkanlarının öyrənilməsi və döyüş tapşırıqlarının icrası zamanı effektiv tətbiqinə dair konkret tapşırıqlar verib.