Qəbirlərin təhqir olunması ilə bağlı cinayət işi açılıb
Zabrat kəndi ərazisindəki qəbiristanlıqda bir neçə məzarın təhqir olunması ilə bağlı araşdırma aparılır
Azərbaycanda qəbiristanlıqda qəbirlərin təhqir olunması faktı ilə bağlı cinayət işi açılıb.
Bakının Sabunçu rayonu, Zabrat kəndi ərazisində yerləşən qəbiristanlıqda bir neçə məzarın təhqir olunması ilə bağlı araşdırma aparılır. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluq da məlumat yayıb. Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində naməlum şəxs və ya şəxslərin Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların üzərindəki predmetlərin zədələnməsi, xatirə daşları və lövhələrin dağıdılması kimi rüsvayedici əməllərlə qəbirlər üzərində təhqiredici hərəkətlərin etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində intensiv tədbirlər davam etdirilir.