Qərbi Azərbaycan məsələsi beynəlxalq səviyyədə səslənməlidir
Bunu TBMM-in AK Partiyadan olan deputatı Şamil Ayrım deyib
Türkiyə Böyük Millət Məclisinin AK Partiyadan olan deputatı, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib ki, Qərbi Azərbaycan məsələsini Türkiyədə, parlamentimizin müvafiq iclaslarında və bütün beynəlxalq platformalarda qaldırmalıyıq.
Ayrım qeyd edib ki, bu yaxınlarda Qərbi Azərbaycan icmasının fəaliyyət konsepsiyası ilə tanış olub: “Bu konsepsiya bizim parlamentin sədrinə təqdim olunacaq. Azərbaycan rəhbərliyi bu məsələyə beynəlxalq hüququn tələbləri çərçivəsində yanaşır və çox həssasdır, ona görə də bu məsələ bizim də diqqət mərkəzindədir”.
Deputat əlavə edib ki, hazırda Türkiyədə prezident və parlament seçkiləri məsələsi aktual olsa da, Azərbaycanla dostluq qrupunun üzvü olan deputatlar Qərbi Azərbaycan məsələsini diqqətdə saxlayırlar: “Bu məsələ həmçinin parlamentin Xarici əlaqələr komitəsi də qaldırılacaq. Biz bilirik ki, azərbaycanlılar və ümumilikdə türklər beş mərhələdə deportasiya ediliblər. 1828-ci ildən başlayaraq indi Ermənistanın yerləşdiyi qədim türk torpaqlarından türklər və müsəlmanlar zorla, hədə-qorxu ilə qovulmuş, qırğınlara məruz qalmış, İrandan, Osmanlı imperiyasından və digər yerlərdən erməniləri məskunlaşdıraraq bu ölkənin demoqrafik strukturunu dəyişdirmiş. Vaxtilə burada yerli əhalinin 80%-ni türklər və müsəlmanlar təşkil edirdi. Ona görə də biz gənc nəslə qədim türk torpaqlarının coğrafiyasını, tarixini anlatmalıyıq ki, gənclər beynəlxalq məkanda erməni yalanlarına faktlarla, sübutlarla cavab verə bilsinlər”.