Qırğızıstan-Tacikistan sərhədində atışma olub
Məlumatı Qırğızıstanın Sərhəd Xidməti yayıb

Mayın 7-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində odlu silahdan istifadə ilə bağlı insident baş verib, Qırğızıstanın Sərhəd Xidməti məlumat yayıb.
Saat 12:20-də Batken vilayətinin Leylek rayonunun Ak-Bosoqo kəndi yaxınlığında Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300 m aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını - çobanları görüb.
“Tacikistan vətəndaşları sərhədçilərin Qırğızıstan ərazisini tərk etmək tələblərinə məhəl qoymayıb, üstəlik, hərbçilərə daş atmağa başlayıblar”, - məlumatda deyilir.
Çobanlardan biri Qırğızıstan sərhədçisinə doğru 2-3 atəş açıb.
Vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün sərhədçilər havaya xəbərdarlıq atəşi açıb, bundan sonra çobanlar Tacikistan ərazisinə qaçıblar. Qırğızıstan sərhədçiləri arasında itki yoxdur.
Təsdiqlənməmiş məlumatlara görə, Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb.
“Lakin xəsarətin hansı şəraitdə, nə vaxt və harada dəqiq alındığı məlum deyil, çünki Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşları yalnız fotoşəkil təqdim ediblər. Tərəflərin sərhəd nümayəndələrinin görüşü gözlənilir”, - deyə Sərhəd Xidmətindən bildirilib.
Hazırda Qırğızıstan-Tacikistan sektorunda vəziyyət sabit kimi səciyyələndirilir.