16:32
Bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatan 20, Sos kəndinə çatan 10 ailəyə evlərinin açarları təqdim olunub.
Qırmızı Bazar və Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Qırmızı bazar qəsəbəsinə 20 ailə olmaqla 71 nəfər, Sos kəndinə isə 10 ailə olmaqla 42 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Köçürülən ailələrin evlərdə yerləşməsi üçün bütün zəruri şərait yaradılıb. Bugünki köç də daxil olmaqla Qırmızı bazar qəsəbəsində 30 ailə olmaqla 110 nəfərin, Sos kəndində isə 20 ailə olmaqla 89 nədərin məskunlaşması təmin edilib.
***
15:14
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

Bu gün Qırmızı Bazar qəsəbəsi 20 ailə olmaqla 71 nəfərə, Sos kəndi isə 10 ailə olmaqla 42 nəfərə qucaq açıb.
Azərbaycan dövləti tərəfindən hər iki yaşayış məntəqəsində sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və kommunikasiya xətləri bərpa edilib.
Bununla, hər iki yaşayış məntəqəsinə artıq ikinci köç gerçəkləşib. Daha əvvəlki köçdə Qırmızı Bazar qəsəbəsində 10 ailə olmaqla 39 nəfər, Sos kəndində isə 10 ailə olmaqla 47 nəfərin məskunlaşması təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
***
06:44
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” davam etdirilir.
Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə 20 ailə - 71 nəfər, Sos kəndinə isə 10 ailə - 42 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın - 2090 nəfər (570 ailə)
Zabux (Laçın rayonu) - 823 nəfər (217 ailə)
Sus (Laçın rayonu) - 215 nəfər (59 ailə)
Bəylik (Laçın rayonu) - 316 nəfər (79 ailə)
Füzuli - 3136 nəfər (823 ailə)
Ağalı (Zəngilan rayonu) - 871 nəfər (175 ailə)
Suqovuşan (Ağdərə) - 591 nəfər (180 ailə)
Talış (Ağdərə rayonu) - 90 nəfər (20 ailə)
Həsənriz (Ağdərə rayonu) - 681 nəfər (188 ailə)
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı (Xocalı rayonu) — 347 nəfər (86 ailə)
Ballıca (Xocalı rayonu) - 945 nəfər (210 ailə)
Cəbrayıl — 2866 nəfər (659 ailə)
Sarıcalı (Ağdam rayonu) - 771 nəfər (185 ailə)
Kəngərli (Ağdam) - 1128 nəfər (267 ailə)
Xanyurdu (Xocalı) - 299 nəfər (85 ailə)
Təzəbinə (Xocalı) - 423 nəfər (95 ailə)
Xıdırlı (Ağdam) - 1318 nəfər (350 ailə)
Kolatağ (Ağdərə) - 89 nəfər (26 ailə)
Vəngli (Ağdərə) - 300 nəfər (79 ailə)
Şuşakənd (Xocalı) - 115 nəfər (42 ailə)
Qırmızı bazar (Xocavənd) - 110 nəfər (30 ailə)
Sos (Xocavənd) - 87 nəfər (20 ailə)
Hadrut (Xocavənd) - 42 nəfər (10 ailə)
Badara (Xocalı) - 55 nəfər (14 ailə)
Seyidbəyli (Xocalı) - 91 nəfər (27 ailə)
Daşbulaq (Xocalı) - 91 nəfər (21 ailə)
Kəlbəcər - 338 nəfər (81 ailə)
Cəmi: 19 684 nəfər
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.
6 dəqiqə