Qırmızı Xaç separatçılara baş çəkib
Bunu jurnalistlərə BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin başçısı Draqana Koiç deyib
“Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları müntəzəm olaraq Azərbaycanda saxlanılan erməni əsilli şəxslərə, həmçinin, Ermənistanda saxlanılan azərbaycanlılara baş çəkir”.
Bunu Naxçıvanda keçirilən seminarda jurnalistlərə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin başçısı Draqana Koiç deyib.
O bildirib ki, bu baş çəkmələr zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları saxlanılan şəxslərin şəraiti ilə və onlarla rəftarla maraqlanır.
“Həmçinin, bu şəxslərin ailələri ilə əlaqə yaratması üçün şəraitin olduğunu yoxlayır və buna şərait yaradılır. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi olaraq həmin şəxslərə baş çəkdikdə, bu fəaliyyətin nəticəsində bütün məlumatlar, məsələlər ancaq əlaqədar qurumlarla ikitərəfli konfidensial surətdə bölüşdürülür və müzakirə olunur. Hər iki tərəflə - istər Azərbaycan, istərsə də Ermənistan tərəfi ilə Beynəlxalq Qızıl Xaç Komitəsi mütəmadi olaraq bu məsələləri müzakirə edir. Saxlama yerlərinə baş çəkmələr oktyabr ayının sonu, noyabrın əvvəli olub”.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.