"Qırmızı Xaç"ın maşınları Ağdamdan Xankəndiyə yola düşdü
Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əldə olunan razılığa əsasən sentyabrın 18-də səhər saatlarında Ağdam-Xankəndi yolunda komitəyə məxsus avtomobillərin keçidi təmin olunub.
BQXK-nın iki minik və bir yük avtomobili Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə gedib. Aparılan yükün Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
“Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar göndərib”.
Bunu BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam və Laçın yolundan keçməklə insanlara lazım olan humanitar yükləri çatdırır: “Bu, un və tibbi ləvazimatlardır. Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu humanitar konsensus insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq.
İlk dəfə idi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi eyni vaxtda həm Laçın, həm də Ağdam yolundan istifadə etməklə yükləri çatdırıb.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin göndərdiyi humanitar yük avtomobilinin də Ağdam-Xankəndi yolu ilə keçidi təmin edilmişdi.
Bu arada BQXK-nın Cenevrə ofisi mətbuat üçün yaydığı məlumatda bildirir: "Qərar vermə səlahiyyətli şəxslər arasında humanitar razılaşmanın əldə edilməsi üçün aparılan ardıcıl diplomatik səylərin nəticəsi olaraq bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK)
Laçın koridoru və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların
çatdırılmasını həyata keçirir".
BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer deyib: “Humanitar yardıma ehtiyacı olan şəxslərin yaxın günlərdə bu dəstəyi alacaqları bizi çox rahatladır. Səhiyyə qurumlarının tibbi ləvazimatlara ehtiyacı var. İnsanlar çörək ala bilmək üçün saatlarla növbəyə dururlar. Onların təcili olaraq mütəmadi humanitar yardımlar almağa ehtiyacı var. Bu razılaşma bizim komandalara həyat xilas edən işimizi davam etdirmək imkanı yaradıb”.
Məlumatda o da bildirilir ki, BQXK son həftələr ərzində qərar vermə səlahiyyətli şəxslərlə əraziyə müxtəlif yollarla, o cümlədən
Laçın koridoru və Ağdam yolu ilə yardımın çatdırılması istiqamətində danışıqlar aparmaqda idi. Bu günkü əməliyyatda eyni anda iki yük maşını Laçın koridoru və Ağdam yolu ilə yardımın çatdırılmasını həyata keçirib.
Bauer daha sonra əlavə edib: “Mən ümid edirəm ki, bu razılaşma bizim müstəsna humanitar əməliyyatlarımızın yalnız bu gün deyil, önümüzdəki həftələr ərzində də həyata keçirilməsinə şərait yaradacaq və beləcə ehtiyacı olanlara
mütəmadi yardım çatdırılacaq. Neytrallıq, qərəzsizlik və müstəqillik kimi fundamental prinsiplərimizə uyğun olaraq bizim məqsədimiz ən çox yardıma ehtiyacı olanlara dəstək ola bilməkdir”.