XƏBƏRLƏR / İctimaiyyət

Qlobal Cənub QHT Platformasının sədrliyi Azərbaycana verildi

Bu gün Bakıda “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum keçirilib YENİLƏNİB

Qlobal Cənub QHT Platformasının sədrliyi Azərbaycana verildi
  • Oxuma müddəti:

    25 dəqiqə

  • 17:00

    “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” Formunda 116 ölkədən QHT-lərin razılığı ilə Qlobal Cənub QHT Platformasının sədrliyi Azərbaycana verilib.

    Azərbaycan Milli QHT Forumunun rəhbəri Ramil İskəndərli bir il müddətinə Qlobal Cənub QHT Platformasının müvəqqəti Baş katibi elan olunub.

    Qeyd edək ki, bu dövr ərzində qurumun daxili strukturu dəqiqləşəcək və 2026-cı ildə Qlobal Cənub QHT Platformasının Baş Assambleyası keçiriləcək.

    ***

    13:15

    Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı, ölkəmiz üçün böyük uğur hekayəsidir. Bu, yalnız bizim üçün deyil, dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi baxımından da mühüm addım oldu. COP29-un nəticələri, həm də beynəlxalq əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir.

    Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

    O qeyd edib ki, Azərbaycanın COP29-da əsas prioritetlərindən biri inklüzivlik və şəffaflıq idi. “Biz bütün vətəndaş cəmiyyətlərini, xüsusilə QHT-ləri bu prosesə cəlb etmək istədik və sevinirik ki, bu məsələdə tərəfdaşlarımız bizə dəstək verdilər. QHT-lərin prosesdən uzaq qalması mümkün deyildi. Əksinə, onlar müzakirə və qərarvermə prosesinin mərkəzində yer aldılar. Cəmiyyətin hər təbəqəsinin səsini eşitmək və onları bu mübarizəyə qatmaq bizim üçün həyati əhəmiyyət kəsb edirdi. COP29-da digər bir məqsədimiz isə Cənub ilə Şimal regionları arasında körpü qurmaq olub. Bizim məqsədimiz yalnız öz bölgəmiz üçün deyil, bütün dünyanın sabitliyi və inkişafı üçün davamlı həllər tapmaq idi. Bu məqsədimizə böyük ölçüdə çatdığımıza inanıram”, - deyə Muxtar Babayev vurğulayıb.

    O, COP29 zamanı iqlim təşəbbüsləri çərçivəsində bütün QHT-lərin dəvət edildiyini bildirərək deyib: “Müxtəlif platformalarda bir çox müzakirələr və görüşlər keçirildi. Cəmiyyətin nümayəndələrindən, QHT-lərdən güclü dəstək aldıq və bu, prosesin uğurlu keçməsində mühüm rol oynadı. Müzakirələr və danışıqlar prosesi isə olduqca gərgin olub, çünki inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyi məsələsi geniş müzakirə məsələsidir. Lakin nəticə etibarilə, Qlobal Şimaldan ayrılan maliyyə yardımı 300 milyard dollara çatdırılıb. Bu, COP tarixində bir ilkdir və böyük bir uğur olaraq qiymətləndirilir”.

    “İtki və Ziyan Fondu”nun işə başlamasını digər müsbət nəticə hesab edən Muxtar Babayev bildirib: “Bu fond iqlim dəyişikliyi nəticəsində dəyən ziyanın kompensasiyası üçün yaradılıb və bu, iqlim hüquqlarına və ədalətinə doğru atılmış böyük addımdır. COP29-da əldə olunan uğurlar dünya miqyasında iqlim dəyişikliyi ilə mübarizənin daha səmərəli və hərtərəfli şəkildə aparılacağına dair ümidləri artırır”.

    ***

    12:15

    QHT-lərin dünyadakı rolu yalnız sosial layihələrdə deyil, həm də sağlam dialoqun təşviqində və sülhü təmin etməkdə mühüm əhəmiyyətə malikdir.

    Bu fikirləri Özbəkistan parlament komitəsinin, “Yüksəliş” hərəkatının sədri Bobur Bekmurodov aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

    O qeyd edib ki, Özbəkistanda da bu sahədə böyük layihələr həyata keçirilir və QHT-lərin sayı son illərdə iki dəfə artıb. Bu, vətəndaş cəmiyyətinin inkişafına və ictimai fəallığın güclənməsinə dəlalət edir. Demokratik inkişafı hədəfləmək və bu istiqamətdə ardıcıl addımlar atmaq isə xüsusi əhəmiyyət daşıyır.

    “Təəssüf ki, bu gün dünya demokratik dəyərlərdən və prinsiplərdən getdikcə uzaqlaşır. Lakin QHT-lərin mövcudluğu bu mənfi tendensiyaya qarşı böyük müqavimət və alternativ təklif edir”, - deyə Bobur Bekmurodov vurğulayıb.

    Onun sözlərinə görə, “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumunun məhz Bakıda keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin dayanıqlı inkişafa verdiyi dəstəyin sübutudur. Azərbaycan Prezidentinin bu sahədə nümayiş etdirdiyi liderlik və irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün də nümunə olmalıdır.

    Forum iştirakçısı əlavə edib ki, QHT-lərin səsləri yalnız lokal müstəvidə deyil, dövlətlər səviyyəsində də aydın və qətiyyətli şəkildə eşidilməlidir. Çünki məhz QHT-lər cəmiyyətlərin problemlərini birbaşa ifadə edən, inkişaf və ədalət naminə çalışan ən təsirli qüvvələrdən biridir.

    ***

    12:05

    Yaradılan yeni Qlobal Cənub QHT Platforması regional və qlobal çətinlikləri təşəbbüslərlə həll etməyə yönələcək.

    Bu fikri Braziliyanın Beynəlxalq Münasibətlər üzrə Tədqiqat İnstitutunun direktoru, professor Almir Lima Nascimento aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

    O bildirib ki, hazırda sosial və iqtisadi sahələrdə bir çox problemlərlə üz-üzəyik. Bu platforma, Qlobal Cənub çərçivəsində vahid cəbhə olaraq ədalətsizliyə, yoxsulluğa və iqlim dəyişikliyi kimi digər qlobal çağırışlara qarşı birgə mübarizəni vacib edir. Yeni şəbəkənin əhəmiyyəti, üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlıqdan asılıdır və bütün şəbəkə üzvləri bundan faydalanmalıdır.

    Almir Lima Nascimento platformaların yalnız dialoqla kifayətlənməyəcəyini, həm də yaradıcı həll yollarının tapılmasına köməklik göstərəcəyinə ümid etdiyini bildirib.

     ***

    11:58

    Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyinin artırılması, risklərin monitorinqinin məhsuldarlığının yüksəldilməsi baxımından geniş imkanlar təklif edir. Lakin bu texnologiyaların, eyni zamanda, ciddi narahatlıqlar da doğurduğu hər birimizə məlumdur. Diqqətli və etika tələb edən bir tətbiq olmadan işçi nəzarəti və alqoritmik idarəetmə kimi alətlər hüquqları, şəxsi azadlığı və rifahı təhlükə altına bilər.

    Bunu Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilber Hunqbo Bakıda keçirilən Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda konfransın iştirakçılarına videomüraciətində deyib.

    Baş direktor videomüraciətində qeyd edib ki, bunun qarşısını almaq və süni intellektin iş dünyasında faydalı məqsədlərlə istifadə olunmasını təmin etmək üçün insan mərkəzli yanaşma zəruridir: “Beynəlxalq Əmək Təşkilatı olaraq təhlükəsiz və sağlam iş mühiti yaratmaq üçün səylərinizdə sizi bundan sonra da dəstəkləməyə hazırıq. Gəlin, 120 il əvvəl bağlanmış ilk kollektiv sazişin ruhunu yaşadaq. Biz birlikdə texnoloji innovasiyalardan istifadə edərək, hamı üçün mühafizəkar, inklüziv və layiqli şəraitin gücləndirilməsini təmin edə bilərik".

    ***

    11:34

    Qlobal Cənub QHT Platforması təsis olunub.

    Bu barədə qərar aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda qəbul edilib.

    ***

    11:20

    Təcrid edilmiş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması olduqca vacibdir. Əsas dəyişikliyin gücü bizim birləşmək qabiliyyətimizdədir. Müxtəlif sektorlar və sahələr arasında əməkdaşlıq bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

    Bu fikirləri BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

    O qeyd edib ki, müxtəlif ölkələrin bir araya gəlməsi, iqlim maliyyələşməsi, adaptasiya və birgə həll yolları faydalı və səmərəli tərəqqiyə yol açır. “Bizi 2030-cu ildən cəmi beş il ayırır və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün doğru yoldayıq. Hazırda Dayanıqlı İnkişaf Məqsədlərinin üçdəbiri ya dayandırılıb, ya da geriləyir. Bir çox ölkələr iqlim dəyişikliyi və yoxsulluğun aradan qaldırılması sahəsində ciddi çətinliklərlə üzləşirlər. Bu səbəbdən dövlət və özəl sektor birlikdə çalışaraq maliyyənin gücləndirilməsi və təşəbbüslərin artırılması üçün daha fəal addımlar atmalıdır”, - deyə Vladanka Andreyeva əlavə edib.

    ***

    ***

    11:11

    Azərbaycanın ev sahibliyi etdiyi “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forum yalnız danışmaq üçün deyil, həm də dinləmək və yeni məlumatlar öyrənməyə xidmət edir.

    Bunu UNDESA-nın İqtisadi və Sosial Məsələlər Departamenti və QHT Şöbəsinin rəisi Wook-Jin Chang aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

    O qeyd edib ki, Qlobal Cənub təşəbbüsü, sadəcə, nəzəri ideya olmaqla kifayətlənməməlidir. “İnkişaf etmiş ölkələr texnologiyalarını və təcrübələrini paylaşmaqla qlobal ədalətin bərqərar olmasına real töhfə verə bilərlər. İcmalar arasında sıx əməkdaşlıq və ictimai bərabərlik bizi daha da güclü və müstəsna tərəfdaş edir.

    Forumun yüksək səviyyədə keçiriləcəyinə tam inanıram. Eyni zamanda, perspektivləri öyrənmək və yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün də bu platforma əvəzsiz fürsətdir”, - deyə forum iştirakçısı əlavə edib.

    ***

    10:50

    Azərbaycanın “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Foruma ev sahibliyi etdiyinə və Qlobal Cənub regionuna aid dövlətləri bir araya gətirən bu tədbirin bir parçası olduğumuz üçün böyük qürur hissi keçiririk.

    Bu fikirləri Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

    O qeyd edib ki, forum 700-dən çox təşkilatı birləşdirir, iqtisadi, siyasi və sosial məsələlərin müzakirəsi üçün ideal bir platforma yaradır: “Təəssüf ki, Cənubda yaşayan ölkələrin böyük bir qismi hələ də müstəmləkəçilik və yoxsulluq kimi çətinliklərlə qarşı-qarşıyadır. Azərbaycan isə daim dayanıqlı inkişafa öz layiqli töhfəsini verir. Bu halların qarşısının alınması üçün ölkəmiz bütün sahələrdə həmin dövlətlərin yanında olub, bir sıra beynəlxalq təşəbbüsləri QHT-lərlə birgə həyata keçirib.

    Bu gün biz yerli QHT-lərin beynəlxalq layihələrdə fəal iştirakını sistemli şəkildə dəstəkləyirik. Birgə layihələrin həyata keçirilməsi üçün çoxsaylı təşəbbüslər uğurla reallaşdırılır. Sevindirici haldır ki, Cənub QHT-lərinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdiyini açıq şəkildə görürük. İki gün ərzində müzakirə olunacaq məsələlər, imzalanacaq əməkdaşlıq memorandumları gələcəkdə QHT-lər arasında birgə fəaliyyətin daha da genişlənməsinə xidmət edəcək”.

    A.Əliyeva forumda zəngin mövzulu və məhsuldar müzakirələrin aparılacağına da diqqət çəkərək vurğulayıb: “Unutmamalıyıq ki, konkret nəticələr əldə etmək üçün həmrəy olmalı və birgə tədbirlər görməliyik”.

    ***

    10:36

    Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə və dayanıqlı inkişaf məqsədləri istiqamətində öz səylərini ortaya qoyub.

    Bu fikri SMACHS Fondunun təsisçisi və baş direktoru, Keniya Respublikası Prezidentinin qızı Charlene Ruto aprelin 28-də Bakıda keçirilən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı Forumda çıxışı zamanı səsləndirib.

    O bildirib ki, Qlobal Cənubun gücünün artırılması mühümdür. Qarşılaşdığımız çağırışlar bizə ciddi təsir göstərir. “Biz bir məqsəd ətrafında birləşməli, tərəqqiyə çatmaq üçün məsuliyyətimizin fərqində olmalıyıq. Birlikdə müqavimətimizi gücləndirməliyik”, – deyə Charlene Ruto vurğulayıb.

    O qeyd edib ki, regionda iqlim dəyişmələri problemi mövcuddur və quraqlıq bir çox sahələrə böyük təsir göstərir. “Biz tədbir görməli, səylərimizi birləşdirməliyik. Kifayət qədər cəsarətli olmalıyıq. Ayrı-ayrı yox, birlikdə hərəkət etməliyik. Qlobal cavab tədbirlərini gücləndirməli, gəncləri və icmalarımızı bu prosesə cəlb etməliyik. Planetimizin gələcəyi bizim səylərimizdən asılıdır”, – deyə o əlavə edib.

    Charlene Ruto çıxışında Azərbaycanın Qlobal Cənubu daim təşviq etdiyini və Qlobal Şimalla dialoqun inkişafına töhfə verdiyini də vurğulayıb.

    ***

    10:25


    Aərbaycan Prezidenti İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb:


    "Hörmətli konfrans iştirakçıları!

    Bu gün Qlobal Cənubun həyatında vacib gündür. 100-dən artıq ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platforması təsis olunur.

    Çox şadıq ki, keçən ilin noyabrında Bakıda COP29 çərçivəsində Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə baş tutan beynəlxalq konfransı zamanı Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının yaradılması barədə təşəbbüsü güclü dəstək qazanmışdır. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalamışdır.

    100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirmişdir.

    Şaxələndirilmiş xarici siyasət yürüdən Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik edərək, inkişaf etməkdə olan ölkələrin maraqlarını qətiyyətlə müdafiə etmiş, mühüm qlobal təşəbbüslərlə çıxış etmişdir. Bu dövr ərzində tərəfimizdən fərqli iqtisadi durumda olan üzv dövlətlərə, o cümlədən COVID-19 zamanı 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımları göstərilmiş, Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində mühüm addımlar atılmışdır.

    Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. İnanıram ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir.

    Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir.

    Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

    İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqik.

    Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb. Təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri də bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışları qəbuledilməz hesab edirik.

    Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik.

    Qlobal Cənub QHT Platformasının fəaliyyətinə uğurlar arzu edir və hər bir iştirakçını bu əlamətdar hadisə münasibətilə təbrik edirəm!

    Azərbaycana hər zaman güvənə bilərsiniz!".

    ***

    09:40

    Bu gün Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu QHT rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək.

    Bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisəsi hesab olunur.

    Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında – COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib. Təşəbbüs qısa müddətdə beynəlxalq rezonans doğurub. Nəticədə COP29 QHT Koalisiyası Azərbaycan Milli QHT Forumu qarşısında bu platformasının təsisatlandırılmasına dair məsələ qaldırıb. Azərbaycan QHT-lərinin təşəbbüsü ilk dəfə dünya miqyasında belə bir qlobal dəstək qazanıb.

    Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir.

    Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür.

    Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi, qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparma platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.

    Platformanın təsis konfransı bu gün Bakı Konqres Mərkəzində olacaq. İki gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfransda dünyanın aparıcı QHT-lərindən nümayəndələr çıxış edəcək, qlobal diskussiyalar təşkil olunacaq, 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulanacaq. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.