BLOQ

Qlobal təhlükəsizlik dövründə Azərbaycanın yeri (II hissə)

 Azərbaycanın geosiyasi identikliyi: Biz haradayıq? 

Qlobal təhlükəsizlik dövründə Azərbaycanın yeri (II hissə)
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Azərbaycan tarixən formalaşmış olduqca mürəkkəb və çoxtərəfli geosiyasi identikliyə malikdir. Bu identikliyi təşkil edən amilləri onların xarakteri və əhəmiyyətinə görə iki qismə ayırmaq olar:
     
    - Təbii və dəyişməz qalan təməllər;
    - Sonradan yaradılan və zamanla dəyişməsi mümkün olan əsaslar.
     
        
    Azərbaycanın geosiyasi identikliyinin dəyişməz amilləri aşağıdakılardır:
    - Tarix (Cənubi Qafqaz, Orta Asiya, Yaxın Şərq, Rusiya İmperiyasının və SSRİ-nin bir hissəsi);
    - Coğrafiya (Avropa qitəsinin bir hissəsi);
    - Dini mənsubiyyət (İslam aləmi);
    - Dil/mədəniyyət (Türk dünyası).
     
    Hazırda Azərbaycanın MDB üzvü olması onun yaxın tarixi keçmişindən qaynaqlanır. Avropa qitəsinin bir parçası olduğu üçün Azərbaycan ATƏT-in fəaliyyətində yaxından iştirak edir. Dini mənsubiyyətinə görə Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının ən fəal üzvlərindəndir. Ortaq dil və mədəniyyət isə Azərbaycanı Türk Dövlətləri Təşkilatının ideya müəllifi və qurucularından birinə çevirib.
     
    Bu təməllər uzun illərdir Azərbaycanın xarici siyasətinin təbii və dəyişilməz əsaslarını təşkil edir. Onlardan hər hansı birinə üstünlük verilərsə, digəri mütləq şəkildə zərər görəcək. Bunu nəzərə alaraq, rəsmi Bakı daim balanslaşdırılmış xarici siyasət həyata keçirməyi tərcih edir.  
     
    Müstəqillik illərində Azərbaycan geosiyasi identikliyi sadalanan dəyişməz amillərlə yanaşı, yeni elementlərlə zənginləşdirilib:
      
    - Enerji axınları;
    - Nəqliyyat və logistika imkanları;
    - Qoşulmama Hərəkatı və antimüstəmləkə cərəyanı;
    - COP və qlobal iqlim gündəliyi.
     
    Hazırda Azərbaycan öz enerji ixracının xəritəsini genişləndirir. Eyni zamanda, ixrac edilən enerji daşıyıcılarının strukturu da dəyişir, burada neft və qaz kimi ənənəvi mənbələrlə yanaşı yaşıl enerjininçəkisi artır. Bakı Şimal-Cənub və Şərq-Qərb (Orta Dəhliz) layihələrini uğurla inkişaf etdirir, beynəlxalq nəqliyyat marşrutlarının yeni şaxələrini inşa edir. Həmçinin, Azərbaycan Qoşulmama Hərəkatının liderlərindən biri olaraq böyük dövlətlərin müstəmləkəçi siyasətindən əziyyət çəkən kiçik dövlətlərə və azsaylı xalqlara dəstək verir. Bununla yanaşı, COP 29-a ev sahibliyi etməyə hazırlaşan Bakı olduqca aktual xarakter daşıyan qlobal iqlim müzakirələrindən də geri qalmır.
      
    Bu cür mürəkkəb, qarışıq və çoxtəbəqəli geosiyasi identiklik həm böyük imkanlar, həm də çoxsəviyyəli risklər yaradır. Azərbaycanın xarici siyasəti mövcud imkanlardan məharətlə istifadə edir, risklərin təsirini minimuma endirir.
     
    Azərbaycan mövcud təhlükəsizlik və idarəetmə sisteminin artıq işləmədiyini hamıdan əvvəl anlayıb. 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən fərqli ölkələrin koalisiyası, müharibə dövründə və sonra BMT TŞ-da, ATƏT və Aİ-də formalaşan həmlələri dəf etmək imkanları məhz geosiyasi identikliyin çoxtəbəqəliyindən irəli gələn imkanlardan məharətlə istifadəsinin nəticəsi idi.
     
     
    Bununla belə, dünya sürətlə dəyişir və açıq qarşıdurma mərhələsinə qədəm qoyur. Artıq kiçik dövlətlərin xarici siyasəti məhdudlaşır və onlar güc mərkəzlərinin fəal maraq obyektinə çevrilir. Kiçik dövlətlər hərbi əməliyyatlar teatrının bilavasitə yaxınlığında yerləşirsə və ya onların ərazisində münaqişələr mövcuddursa, həmin dövlətlərin öz iradəsinə zidd olaraq qlobal qarşıdurmaya cəlb edilməsi riski yaranır.
     
    Mürəkkəb geosiyasi identiklik daxili parçalanmaya da təsir edir. Hakimiyyətin əsas vəzifələrindən biri milli məqsədlər ətrafında həmrəyliyə nail olmaqdır, çünki daxili parçalanma böyük dövlətlərə daha kiçik dövlətlərin xarici siyasətini nəzarətə götürmək imkanı yaradır.
     
    Beləliklə, qlobal və regional sistemlərin iflic vəziyyətə düşməsi və yeni sistemlərin formalaşmadığı şəraitində Azərbaycan əsas problemini həll etmiş oldu. Bu mürəkkəb şəraitdə təhlükəsizliyi və iqtisadi inkişafı təmin etməklə yanaşı, rəsmi Bakının qarşısında qlobal və regional sistemlərin yenidən formalaşmasında iştirak etmək kimi vəzifələr dayanır.  


    Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin şərhi