Quba-Xınalıq yolunda torpaq sürüşməsi olub
Ərazidə nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaranıb
Sentyabrın 30-u gecə saatlarında Quba-Xınalıq avtomobil yolunun 30-cu kilometrliyində torpaq sürüşməsi qeydə alınıb.
Sürüşmə nəticəsində iri qaya parçaları və torpaq kütləsi yolun hərəkət hissəsinə tökülüb. Bu səbəbdən ərazidə nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət yaranıb.

Yolun Qırızdəhnə kəndindən keçən hissəsində torpaq sürüşməsi səbəbindən Xınalığa və əks istiqamətdə hərəkət edən yerli sakinlər, eləcə də turistlər gözləmək və geri qayıtmaq məcburiyyətində qalıblar.
Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin torpaq və qaya kütləsindən təmizlənməsi istiqamətində işlər davam etdirilir.
İşlər tam yekunlaşmasa da, Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun hərəkət hissəsinin torpaq və qaya kütləsindən təmizlənməsi istiqamətində işlərin qısa müddətdə yekunlaşdırılması və ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tam bərpa olunması nəzərdə tutulur.
1 dəqiqə