Qvineya-Bisau Prezidentinin Bakı səfəri YENİLƏNİR
Umaru Sisoku Embalo komando hərbi hissəsində də olub FOTO

20:01
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.
Qvineya-Bisau Respublikasının Prezidenti “ASAN xidmət”i çox əhəmiyyətli layihə kimi qiymətləndirib. O, ölkəsində belə bir konsepsiyanın mövcud olmadığını və səfərdən dərhal sonra eyni layihənin ölkəsində də tətbiqi ilə bağlı addımların atılacağını diqqətə çatdırıb.
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qvineya-Bisau Respublikası Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau Respublikasında tətbiqini, eləcə də Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.
Görüş çərçivəsində nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.
***
19:05
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayevlə birlikdə Azərbaycan Ordusunun komando hərbi hissələrindən birini ziyarət edib.
Əvvəlcə hərbi hissədə fəxri qarovul dəstəsinin müşayiəti ilə təntənəli qarşılanma mərasimi olub.
Sonra hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi yeni simulyasiya vasitəsinə baxış keçirilib və hərbi qulluqçuların idman hazırlığı izlənilib.
Qonaqlar hərbi hissənin ərazisindəki qapalı atış şəhərciyi, əsgər yataqxanası, silah otağı, əşya anbarı, ideoloji iş və digər inzibati otaqlara, həmçinin yeməkxanaya gələrək burada yaradılan şəraitlə tanış olublar.
Həmçinin hərbi qulluqçuların dağ komando qülləsində və kəşfiyyat cığırında fəaliyyətləri izlənilib.
Hərbi hissədə Müdafiə Sənayesi Nazirliyinin, həmçinin “RTX” və “Improtex” şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA), silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələrindən ibarət sərgi nümayiş olunub.
Daha sonra nümayəndə heyətinə Azərbaycan Ordusunun istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim edilib. Qvineya-Bisau nümayəndə heyətinə onların taktiki-texniki xüsusiyyətləri, düzgün istifadə qaydaları ilə bağlı geniş məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib
***
17:54
Azərbaycanda rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Bakıda Zəfər parkını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qvineya-Bisau Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.
Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.
Xatırladaq ki, parkın açılışı 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
***
17:30
Ölkəmizdə rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
***
16:30
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.
***
15:28
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Azərbaycan Prezidenti mətbuata bəyanatla çıxış edib.
- Hörmətli cənab Prezident, əziz qardaşım.
Əziz qonaqlar, xanımlar və cənablar.
Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab Prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir. Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik.
Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.
Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətlərini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab Prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun.
Bir sözlə, gündəlik genişdir, ən vacibi isə odur ki, bizim dost, qardaş münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etməliyik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.
Ümid edirəm ki, əziz qardaşım, Siz bir daha ölkəmizə gələcəksiniz. Həmçinin cənab Prezident məni öz ölkəsinə səfərə dəvət etdi. Məmnunluqla bunu edəcəyəm və biz öz məhsuldar dialoqumuzu davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.
***
Sonra Qvineya-Bisau Respublikasının Prezidenti mətbuata bəyanatla çıxış edib.
- Çox sağ olun, əziz qardaşım Prezident Əliyev.
Bu gün burada - Bakıda olmaqdan və münasibətlərimizə yenidən nəzər salmaqdan məmnunam. Çünki xatirimdədir ki, hələ Sovet İttifaqı vaxtlarında bir çox texniki heyət üzvlərimiz burada təhsil almışdır. Sabah ilk heyətimiz buraya polis və hərbi məktəblərdə təlim üçün gələcək. Bu, bizim üçün çox vacibdir. Bu gün biz bu əlaqələri yeniləmək üçün buradayıq.
Əməkdaşlıq üçün sahə çoxdur - səhiyyə, təhsil, hərbi və təhlükəsizlik sahələri var. Əminik ki, bu səfər Sizi görməklə bərabər, ölkələrimiz üçün də faydalı olacaq.
Cənab Prezident, Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük.
Təkbətək görüşdə biz beynəlxalq münasibətlərə aid çox məsələləri müzakirə etdik və bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik.
***
15:26
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə təkbətək görüşü olub.
***
14:48
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun fevralın 27-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qvineya-Bisau Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Qvineya-Bisau Prezidentinə raport verib.
Qvineya-Bisau Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***
14:11
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.