XƏBƏRLƏR / Mədəniyyət

Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub

YENİLƏNİB

Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 14:11

    Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub.

    Əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

    Daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.

    ***

    13:01

    Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.

    Mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, deputatlar, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları iştirak ediblər.

    Vida mərasimində çıxışçılar ustad tarzənin mədəni irsinə və şəxsiyyətinə ehtiramlarını ifadə ediblər.

    Mərasimin ardınca mərhumun meyiti dəfn olunmaq üçün II Fəxri xiyabana aparılıb.

    ***

    11:42

    Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Ramiz Quliyevlə vida mərasiminə əklil göndərib.

    Mərhumla vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçirilir.

    Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib.

    ***

    10:39

    Oktyabrın 16-da Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevlə vida mərasimi keçirilir.

    Mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edirlər.

    Qeyd edək ki, Ramiz Əyyub oğlu Quliyev 1947-ci il aprelin 30-da Ağdam şəhərində anadan olub. 1960-cı ildə Ağdam şəhər 7 illik musiqi məktəbini tar ixtisası üzrə bitirib. Həmin ildən Ü.Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi Məktəbində təhsilini davam etdirib. 1964 –1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.

    1963–1974-cü illərdə Ağdam və Bakıda musiqi məktəblərində müəllim işləyib. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllimlikdən professorluğa kimi yüksəlib. Ustad tarzən 1990–2002-ci illərdə həmin kafedraya rəhbərlik edib. 2004-cü ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb.

    Ramiz Quliyev pedaqoji fəaliyyətlə yanaşı, tar ifaçılığı sənətinə dair sanballı kitab və dərs vəsaitlərinin müəllifidir. Müxtəlif illərdə nəşr olunan “Azərbaycan bəstəkarlarının əsərlərinin tar və fortepiano üçün işləmələri”, “Xarici bəstəkarların əsərlərinin tar və fortepiano üçün işləmələri” dərs vəsaitləri, eləcə də “Azərbaycan və xarici bəstəkarların əsərlərinin iki tar və fortepiano üçün köçürmə və işləmələri” adlı ikicildlik kitabı böyük maraqla qarşılanıb və bu gün də təhsil ocaqlarında geniş tədris olunur.

    Ramiz Quliyev, eyni zamanda, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə həyata keçirilən yerli və beynəlxalq incəsənət layihələrində yaxından iştirak edib, bir sıra müsabiqələrdə, festivallarda münsiflər heyətinin sədri kimi fəaliyyət göstərib.

    Sənətkar Türkiyə, Əfqanıstan, Suriya, İsveçrə, Almaniya, Pakistan, Əlcəzair, Tunis, Hindistan, Yaponiya, ABŞ, Kanada, Polşa, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və digər ölkələrdə qastrol səfərlərində və beynəlxalq festivallarda musiqi mədəniyyətimizi yüksək səviyyədə təmsil edib.

    Ustad tarzənin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, “Əməkdar artist” (1982), “Xalq artisti” (1988) fəxri adlarına, “Şöhrət” (2007) və “Şərəf” (2017) ordenlərinə, eləcə də Azərbaycan Respublikasının Dövlət Mükafatına (2014) layiq görülüb. Sənətkar 2004-cü ildən Prezidentin fərdi təqaüdçüsü idi.

    Allah rəhmət eləsin.

    Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib.