XƏBƏRLƏR / Mədəniyyət

Rasim Balayev yeni kino ittifaqının sədri oldu

Şəfiqə Məmmədova namizədliyini geri götürüb

Rasim Balayev yeni kino ittifaqının sədri oldu
Rasim Balayev
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:20

    Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyəti təsdiq edilib.

    İdarə Heyətinin tərkibində Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Vaqif Mustafayev, Xalq yazıçısı Anar da daxil olmaqla 30-dan çox nəfərin adı təsdiqlənib.

    Rejissor Oqtay Mir Qasımın İdarə Heyətində təmsil olunması təklif edilsə də, birləşmənin əleyhinə səs verdiyi üçün ümumi etirazlardan sonra qərara alınıb ki, konfransdan sonra onun öz fikri alınsın.

    Eləcə də Əbdül Mahmudovun adı da İdarə Heyəti üçün təklif edilib. Lakin o özü bundan imtina edib.

    Rejissor Zamin Məmmədov isə İdarə Heyəti seçkisindən narazı olduğunu deyərək, ümumiyyətlə üzvlükdən çıxdığını bəyan edib.

    ***

    Azərbaycanda fəaliyyət göstərən iki kino ittifaqı birləşib.

    Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar İttifaqı adlandırılacaq.

    Səsvermə ilə yeni təşkilatın Nizamnaməsi də təsdiq edilib.

    İştirak edənlərdən yalnız rejissor Oqtay Mir Qasım birləşmənin əleyhinə səs verib.

    ANS Press-in əldə etdiyi məlumata görə, Şəfiqə Məmmədova namizədliyini geri götürüb.

    Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

    Yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev deyib ki, Şəfiqə Məmmədovanın namizədliyini geri götürməsini gözləmirmiş. 

    "Təəssüf edirəm ki, ömrümün bu vədəsində, yaşlı vaxtımda kinomuz belə bir böhran yaşayır. Amma bizi yaşadan kinodur. Və biz o kinonu birliyimizlə yaşatmalıyıq. Baxın, mənim ayağımda hazırda problem var. Axsayıram. Bu zədə kinoda olub. Biz hamımız ömrümüzü kinoya qurban vermişik", - o deyib.

    Xalq artisti ictimaiyyət arasında kinonun bugünkü durumu haqqında fikirlərin dolaşdığını qeyd edib: "Azərbaycan kinosu reanimasiyadadır. Diriltmək mümkündür onu. Buna mən inanıram. Hamımız inanmalıyıq. Azərbaycan kinosu tənəzzül edə bilər, olsun, amma əminəm ki, biz Azərbaycan kinosunu yenidən relsinə salacağıq".

    ***

    12:50

    Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı keçirilir.

    Konfransda mədəniyyət xadimləri, incəsənət adamları iştirak edirlər. 

    Konfransın gündəliyinə birləşmiş kino ittifaqının yaradılmasının rəsmiləşdirilməsi və nizamnamənin təsdiqi, eləcə də ona sədr və idarə heyətinin seçilməsi məsələləri daxildir.

    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə yaradılıb və ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Şəfiqə Məmmədovadır. Azərbaycan Kinematoqrafçılar İttifaqı isə 1963-cü ildən fəaliyyət göstərir, ittifaqın idarə heyətinin hazırkı sədri Xalq artisti Rasim Balayevdir.

    İki qurum ötən il birləşmək barədə qərar qəbul ediblər. Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir. AKİ-nin namizədi isə xalq artisti Rasim Balayevdir.