“Respublika” və “Xalq qəzeti” birləşdirilib
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb

Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti formalaşdırılır.
Fərmana görə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzeti redaksiyasının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir. O cümlədən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının bütün hüquq və öhdəlikləri, habelə əmlakı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçir.
Bu Fərmanın 1-ci və 2-ci hissələri ilə yaradılan məhdud məsuliyyətli cəmiyyətlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi”, “Respublika” qəzetlərinin və “Xalq qəzeti”nin redaksiyaları fəaliyyətlərini davam etdirəcəklər.