BLOQ

Rəsulzadə - 140: Haqsız unudulmuş vətənpərvərin qısa həyatı

“II Beynəlxalq Rəsulzadə Qiraətləri”

Rəsulzadə - 140: Haqsız unudulmuş vətənpərvərin qısa həyatı
  • Oxuma müddəti:

    8 dəqiqə

  • “II... Qiraətlər”in elmi-akademik məqalələri arasında Rəsulzadənin adı ən az çəkilən bir tədqiqat var: Tanınmış Azərbaycan alimi, AMEA A.Bakıxanov ad. Tarix İnstitutunda şöbə müdiri, tarix elmləri doktoru, professor İradə Bağırovanın “ Əhməd Əhmədov: Milli-Kommunist – Müsavatçı. Haqsız unudulmuş inqilabçı və vətənpərvərin qısa həyatı”.

    İradə xanımın haqlı olaraq məqaləsinin başlığına çıxardığı “haqsız unudulmuş” bir adın bu gün həqiqətən çoxlarına məlum olmadığını nəzərə alaraq əvvəlcə öz dövründə publisist və ictimai xadim kimi kifayət qədər tanınan Əhməd Əhmədovun qısa həyatına biz də qısa bir nəzər salaq. XX əsrin yaşıdı, zəngin bir iş adamının oğlu, onu qarşıda gözləyən rahat həyat və imtiyazlardan imtina edərək 17 yaşında sol sosialist-inqilabçılar (eserlər) partiyasına daxil olur. Bu təşkilat bolşeviklərin Bakı Komitəsi ilə birləşdikdən və Azərbaycan KP yaradıldıqdan sonra onun üzvlüyünə keçir. Sovet hakimiyyətinin ilk günlərindən karyerası yüksələn xətlə inkişaf edir, 1920-ci ildən hərbi komissar, MK-nın təlimatçısı, 1925-ci ildən Partiya tarixi institutunda elmi işçi vəzifələrində çalışır. Həmin ildə Birinci rus inqilabının 20 illiyi münasibətilə “ Azərbaycan türkləri 1905-ci il inqilabında” adlı bir tədqiqat əsəri yazır və bu kitabla da Azərbaycan Sovet tarixşünaslığının əsasını qoyur. İradə xanımın bu kitabla bağlı fikirlərindən: “Sovet tarixçilərinin 20-ci illərdə yazılmış kitabları proletar beynəlmiləlçiliyinin burjua millətçiliyi üzərində təntənəsini göstərir, milli olan hər şey qaranlıq keçmişlə təcəssüm olunurdu. Ə.Əhmədovun kitabı bu sırada açıq-aydın dissonans yaradır. İdeoloji çərçivənin gözlənildiyinə baxmayaraq (bunsuz nəsə yazmaq qeyri-mümkün idi), milli köklər bu əsərdə o qədər aydın ifadə olunur ki, müəllifin özünün də fikrincə, 1905-ci il inqilabı Azərbaycan türklərinin müasir tarixinin təqdimatı üçün bir fon, onların milli şüurun oyanmasının detonatoru rolunu oynayır.”

    Əhmədovun tədqiqatının sinfi deyil, məhz milli bucaqdan (yəni “fəhlə” yox, məhz “türklər”) yanaşmasına diqqət çəkən İ.Bağıırovanın fikrində bu əsərin məhz açıq “antirus” ruhu Əhmədovu öz millətini tərənnüm edən kommunistlərə qarşı sovet şovinizmi tərəfdarlarının başladığı təqib kampaniyasının hədəfinə çevirir. Təsadüfi deyil ki, siyasi görüşləri və mövqeyi, eləcə də Azərbaycanın milli istiqlal ideyasına sadiqliyi Ə.Əhmədovu tezliklə “milli sapıntıçılar” adlandırılan N.Nərimanovun tərəfdarlarından birinə çevrilir.

    Məqalədə Ə.Əhmədovun Nərimanovun da fanatiki olmadığı, onunla açıq fikir münaqişələrinə girdiyinə dair maraqlı faktlar gətirilir. 1921-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 1-ci idönümünə həsr edilmiş təntənəli iclasda 21 yaşlı Əhməd Qırmızı Ordunu nəzərdə tutaraq zaldan natiqə müraciət edir: “Yoldaş Nəriman, sizə elə gəlmirmi ki, bizim qonaqlar Azərbaycanda həddən çox ləngiyirlər? Onlar buradan çıxıb gedənə oxşamırlar, əksinə hər tərəfdə yerləşirlər, hər şeyi öz əllərinə alırlar. Qorxuram ki, bir azdan respublikadan Azərbaycan adını da yığışdırsınlar”. Nərimanova “rus ordusunu müstəqil Azərbaycandan çıxarılması tələbi qoymaq, əks halda ölkənin müstəqil olmadığını etiraf etmək” kimi kəskin iddialar irəli sürən gənc kommunisti zaldan çıxarsalar da, Əhmədov Azərbaycanı Rus işğalından qurtarmağa qadir lider kimi yalnız Nərimanovu görürdü.

    1925-ci ilin martında Nərimanovun mənzilində onunla Azərbaycanın siyasi gələcəyi haqda çox ciddi fikir mübadiləsi aparmış Əhməd Əhmədov, az sonra Moskvada Nərimanovun gözlənilməz ölümündən olduqca sarsılır və bolşevizmdən tamamilə məyus olur. Yeni mübarizə yollarının axtarışı onu həmin dövr Azərbaycanda artıq gizli şəkildə fəaliyyət göstərən, üzvləri mütəmadi həbs olunan Müsavat partiyasının sıralarına gətirir. Burada Əhmədovun siyasi görüşlərindəki kəskin dönüşün əməlində də təzahürünün hansı şəraitdə baş verdiyinə bir daha diqqət yetirin.

    Ə.Əhmədov Müsavatın gizli Bakı Komitəsinin rəhbəri Mirzə Bala Məmmədzadə və digər müsavatçılarla çoxdan və yaxından tanış idi. İndi onlara qoşulduqdan sonra özü də gizli fəaliyyətə keçir, doğulub yaşadığı Bakının Balaxanı kəndində neft fəhlələri arasında “Müsavatın” özəklərini yaradır, geniş təbliğat işləri aparır. İki il sonra həbs olunur. 1927-ci ildə, həbsdə yatdığı yarım il ərzində istintaqa sənədlər-xatirələr şəklində, əslində gələcək nəsillərə ünvanlanmış çox ətraflı ifadələr yazır.

    Burada bir haşiyə çıxım ki, bütün bu istintaq materialları sonralar İradə xanım Bağırova tərəfindən kitab halında nəşr olunub və hazırda 1920-ci illərin birinci yarısında Azərbaycanın milli kommunist rəhbərliyinin rəsmi sənədlərdə görünməyən durumunu, fikir və münasibətlərini, ümumiyyətlə “Nərimanovçuluq” adlanan hərəkatın tarixini araşdırmaq üçün ən etibarlı, məzmunlu və ciddi mənbə hesab olunur. Bununla da Əhməd Əhmədov, hətta həbsxana divarları arasında da öz tarixçi missiyasını yerinə yetirmiş olur.

    1928-ci ildə 28 yaşında bir qrup partiya yoldaşı ilə birlikdə güllələnən Əhməd Əhmədov bu qısa ömrü ərzində 1905-ci il inqilabında azərbaycanlıların iştirakına, 1918-1925-ci illərdə Azərbaycanda milli hərəkata və 1918-1919-cu illərdə Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş üç fundamental tədqiqat işi yazmış, özü çox sonralar,1992-ci ildə bəraət almış, kitabları isə yalnız 2000-ci illərin əvvəllərində işıq üzü görmüşdür.

    Mənim çox yığcam şərhimdə, İradə xanımın isə müxtəlif mənbələr, araşdırmalar, təhlillər əsasında yazılmış ciddi tədqiqatında söz açdığımız bir gəncin həyat tarixçəsində Rəsulzadənin adı çox olmasa da, hər halda keçmişdir. Həm də iki müstəvidə. Əvvəla, Əhməd Əhmədovun qızının şəhadətinə görə o, hələ yeniyetmə yaşından Məhəmməd Əmin bəylə tanış olmuş, aralarındakı 16 yaş fərqinə baxmayaraq hətta dostluq etmişdir. Belə ki, anası onu “bu qoca ilə dostluğun yaxşı qurtarmayacağı” xəbərdarlığı ilə daim danlayırmış.

    Anasınınmı “uzaqgörənliyimi” doğruldu, yaxud taleyin hökmü idi ki, gənc Əhməd Əhmədov əslində gənc Məhəmməd Əminin siyasi baxışlarının təkamül yolunu eynilə təkrarladı – solçu sosialist ideyalardan müsavatçılığa gələn tarixi şəxsiyyət olmaqla Rəsulzadə ideyalarına və dəyərlərinə sədaqətini öz həyatı bahasına sübut etdi. Bu baxımdan Əhməd Əhmədov sözsüz ki, ən ləyaqətli müsavatçıdır, Rəsulzadənin yalnız zamanca deyil, həm də əqidəcə müasirlərindən biridir.
    İradə Bağırova