Beynəlxalq vasitəçilər Azərbaycan və Ermənistan arasında hərtərəfli sülhün bərqərar edilməsi üzrə səylərini fəallaşdırdıqca kövrək danışıqlar prosesi Qarabağ separatçıları tərəfindən yeni çağırışlarla qarşılaşır. Sentyabrın 28-də tanınmamış “Dağlıq Qarabağ Respublikası”nı buraxan Samvel Şahramanyanın başçılıq etdiyi separatçılar dekabrın 22-də öz qərarlarını ləğv edərək, Azərbaycanın hüdudlarından kənarda DQR-in faktiki olaraq bərpa olunmasını seçiblər.
Şahramanyan və onun tərəfdarları respublikanın buraxılmasını “qanunsuz” elan ediblər və bu qərarın etibarsız olduğunu bəyan ediblər. Separatçıların liderinin bu strateji addımı həlledici bir məqamda - iki ölkənin beynəlxalq vasitəçilərin də iştirakı ilə hərtərəfli sülh müqaviləsini imzalamaq ərəfəsində olduğu bir vaxtda atılıb.
Baş nazir Nikol Paşinyan və prezident İlham Əliyev sülhün üç əsas prinsipini açıqlayıblar - sərhədlərin qarşılıqlı olaraq tanınması, delimitasiya və kommunikasiyaların açılması. Əliyev ərazi iddialarından imtina edərək, bu şərtlərlə razılaşıb. Lakin Şahramanyanın gözlənilməz dönüşü bu günə qədər əldə edilmiş irəliləyişin üzərindən xətt çəkir.
Şahramanyanın qərarı qəbul etmək üçün seçdiyi vaxt onun motivləri haqqında suallar yaradır, sülh danışıqlarının müsbət dinamikasını pozmaq təhlükəsi yaradır. Bu addım otuz ildən çoxdur danışıqlar masasında olan Azərbaycanla dinc yanaşı yaşamaq təkliflərini rədd edərək, Qarabağın erməni icmasını destruktiv yola qaytarır.
Uzun müddətdir davam edən Qarabağ münaqişəsi boyunca separatçılar ardıcıl olaraq həm Yerevanın, həm də Bakının təkliflərinə məhəl qoymayaraq, Dağlıq Qarabağın Azərbaycandan müstəqilliyinə üstünlük veriblər. Yerevanın işğal edilmiş ərazilərə nəzarəti qoruyub saxlamaq üçün çox vaxt istifadə etdiyi bu dəyişməz mövqe son nəticədə 2020-ci il müharibəsinə və sonradan DQR-in dağılmasına gətirib çıxarıb.
Qondarma respublikanın Ermənistandan davam edən separatçı fəaliyyəti sülh prosesi üçün təhlükə təşkil edir. Paşinyan hökuməti daxili siyasi gərginlikdən yayınmaq üçün separatçıların hərəkətlərinə qarşı mübarizə aparmaqdan çəkindiyi bir vaxtda Azərbaycan-Ermənistan nizamlanması uzunmüddətli durğunluq riski ilə üz-üzə qalır.
Azərbaycanın əks strategiya tətbiq etmədiyi 2020-ci il müharibəsindən əvvəlki dövrdən fərqli olaraq, bu dəfə Bakının bunun müqabilində potensial olaraq Qərbi Azərbaycan adlandırılan Ermənistan ərazilərinə iddia edən Qərbi Azərbaycanlıların Təşkilatı var. Hər iki tərəf təkcə ikitərəfli təşəbbüslərə deyil, həm də beynəlxalq vasitəçilərin səylərinə mane olmaq üçün Qarabağ erməniləri və qərbi azərbaycanlılar amillərindən istifadə edə bilərlər.
Bu mürəkkəb geosiyasi vəziyyət, göründüyü qədər, hər iki tərəf üçün fərqli mənalarda sərfəlidir. Sülh müqaviləsi məsələsində qeyri-müəyyənlik vəziyyətində olan Azərbaycan öz ərazilərinin suverenliyini möhkəmləndirməyə davam edir, bir halda ki, Ermənistan gələcək əlverişli şəraitə ümid edir. Bu bir-birinə zidd tendensiyaların bu yaxınlarda aparılan danışıqlarda əldə edilmiş kövrək tarazlıq üçün problem yaradan qarşılıqlı əlaqəsi qarşıdan gələn ildə Cənubi Qafqazın inkişaf dinamikasını müəyyən edəcək.
ASTNA mərkəzinin rəhbəri