XƏBƏRLƏR / Məhkəmə

Ruben Vardanyana ömürlük azadlıqdan məhrum edilmə istənildi

Bakı Məhkəmə Kompleksində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib

Ruben Vardanyana ömürlük azadlıqdan məhrum edilmə istənildi
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib/

    Bakı Məhkəmə Kompleksində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

    Prokuror çıxışında Ruben Vardanyanın ömürlük azadlıqdan məhrum edilməsini təklif edib.

    Erməni mənbələrinin yaydığı xəbərə görə, dünən Ruben Vardanyan böyük oğlu Davidlə telefon danışığı aparıb.

    Vardanyanın sözlərinə görə, ona tezliklə son ifadə veriləcək. Çıxışında o, aşağıdakıları vurğulamaq niyyətindədir:

    "Baş verənləri məhkəmə kimi qəbul etmirəm və saxta məhkəmədə iştirak etmək niyyətində deyiləm. Bakıda keçirilən proseslər ədalətli məhkəmənin əsas standartlarına cavab vermir və buna görə də sözün əsl mənasında məhkəmə hesab edilə bilməz. Heç nəyə görə peşman deyiləm. Mən mümkün nəticələri tam başa düşərək şüurlu və könüllü hərəkət etmişəm. Hərəkətlərimə görə Allah qarşısında cavab verməyə hazıram. Təəssüfləndiyim tək şey odur ki, daha çox şey edə bilməzdim. Təkrar edirəm: "Artsax", tarixi yenidən yazmaq və ya hadisələrin fərqli təfsirini tətbiq etmək cəhdlərindən asılı olmayaraq, olub, var və olacaq".

    Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.