Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və həyat yoldaşı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.
Hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi, 4 ünvanındakı binada baş verib.
Saat 21 radələrində həmin binadakı mənzilllərdən birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb. 85 yaşlı kişinin boynu kəsilib, qadının isə başına zərbə endirilərək öldürülüb.
Məlumata görə, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən İosif Tkaç Bakıda anadan olub.
1970-ci ildə Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirib. O, 1997-ci ildən Rus Dram Teatrının aktyoru olub.
Onun həyat yoldaşı Tkaç Lyudmila Mixaylovna isə Elitar Gimnaziyanın müəllimi olub. O, 2015-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.