B.Saakyan, A.Qukasyan və D.İşxanyanın həbsi ilə bağlı VİDEO
Bu barədə məlumatı DTX yayıb
Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi davam etdirilir.
Bu barədə DTX məlumat yayıb.
Məlumata görə, araşdırmalar zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə, pul vəsaitlərini və digər əmlakı tamamilə və qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Eləcə də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən, digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış, habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Sahakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3 (mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb edilmişlər.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.