Sosial şəbəkələrdə narkotik satan 148 səhifə bağlanıb
İki nəfər həbs edilib VİDEO
“Instagram” və “Telegram”da yeni kiber üsullardan istifadə olunmaqla narkotiklərin satışını həyata keçirən 148 səhifənin bağlanması təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sosial şəbəkələrdə narkotiklərin satışını həyata keçirən bir sıra səhifələr, qruplar və profillər müəyyən edilib. Qabaqlayıcı tədbirlər nəticəsində xarici ölkələrdən idarə edilən bu tipli 117 “Instagram” səhifəsinin və 31 “Telegram” kanalının bağlanması təmin edilib.
Müəyyən olunub ki, həmin səhifələrin idarəçiləri şəbəkə üzvləri arasında məlumat mübadiləsini artıq gizli kanallar və şifrəli mesajlar göndərməklə həyata keçirirlər. Bu səhifələrə ilkin baxış zamanı hər hansı qeyri-leqal fəaliyyətlə məşğul olunduğuna dair şübhələr yaranmır.
Həmin aktiv profillərin gizli fəaliyyətinin deşifrə olunması məqsədi ilə Baş İdarənin həyata keçirdiyi sonuncu tədbir zamanı sosial şəbəkə üzərindən narkotiklərin satışını təşkil edən səhifələrin bir neçəsinin adminləri 1986-cı il təvəllüdlü Fəqan Qasımov və 1982-ci il təvəllüdlü Minir Akçurin saxlanılıblar.
Onlardan narkotiklərin satışını həyata keçirdikləri sosial şəbəkə hesablarının şifrələri, mobil nömrələr, xeyli sayda bank kartları, mobil telefon və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanıb. Saxlanılan şəxslər narkotiklərin satışından əldə edilən külli miqdarda pul vəsaitini isə kriptovalyuta və digər elektron pul kisələri vasitəsi ilə leqallaşdırıblar.
Məlumatda qeyd edilib ki, aşkarlanan faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. F.Qasımov və M.Akçurin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Dəstənin digər üzvlərinin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.
"Daxili İşlər Nazirliyi valideynlərə müraciət edərək bildirir ki, uşaqların kibertəhlüksizliyinin təmin olunmasının məsuliyyəti ilk növbədə onların üzərinə düşür. Övladlarınızı internetden təhlükəsiz istifadə qaydaları barədə məlumatlandırın və onları sosial mediada rastlaşa biləcəkləri zorakılıq, kriminal fəaliyyətin təbliğ olunduğu, zərərli kontentlərin reklam edildiyi səhifə və sosial şəbəkə hesabları ilə təmas qurmaqdan çəkindirin", - deyə məlumatda vurğulanıb.